“28 May -müstəqillik idealları, milli dövlətçiliyin təməli”
Tərtər rayonu Qaradağlı kənd tam orta məktəbində 28 May – Müstəqillik Gününə həsr olunmuş “28 May-müstəqillik idealları, milli dövlətçiliyin təməli” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zabil Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi İsmet Rəhimov, Tərtər Cümə məscidinin imam müavini Saleh Ədilov, məktəbin direktoru Eldəniz Həsənov, tarix müəllimi Şəlalə Nəzərova mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olduğu, 28 Mayın milli azadlıq və müstəqillik ideallarının təcəssümü kimi böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın müstəqilliyi daha da möhkəmləndirilir.
Tədbirdə şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyəti qeyd olunub, müstəqil Azərbaycanın əldə etdiyi uğurlardan danışılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.






