“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa
“Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”.
Ümummilli lider Heydər Əliyev
Tərtər Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışmış. Bildirmişdir ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Ulu öndərin ən böyük xidmətlərindən biridə o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu istiqamətdə atılan ən böyük addımlardan biri 1994-cü ilin iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılması oldu. 1995-ci ildə isə O, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinə göstəriş Verdi və özü də bu tədbirdə şəxsən iştirak etdi. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər “2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin, “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza yaradıldı.
Bu gündə Cənab Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir, ölkənin idarəolunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir..
Daha sonra çıxış edənlər rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov, Qaraağacı kənd tam orta məktəbin tarix müəllimi Rəşad Qarayev, Heydər Əliyev Mərkəzinin işçisi Samirə Rəsulova, uşaq xəstəxanasının həkimi Azər Paşayev və başqaları ölkəmizdə gənclərin sağlam inkişafını təmin edən dövlət siyasətindən danışmışlar. Çıxışlarda Ulu öndərimizin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında, iqtisadiyyatın inkişafında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsindəki titanik fəaliyyəti haqda geniş məlumat verilib.
Açıq diskussiya şəraitində keçən “Dəyirmi masa” nın sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.