Şriftin ölçüsü :

Saytın rəngi :

Təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir

19 yanvar 2015 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə düşmənlə həmsərhəd Qapanlı kəndində Tərtər rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü keçirilmişdir.

Görüşdə icra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının,  idarə, müəssisə və təşkilatların rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etmişlər.

Görüşdə iştirak edən Qaraağacı kənd tam orta məktəbinin direktoru Məzahir Quluyev, Qapanlı kənd tam orta məktəbinin  direktoru Fitat Əliyeva və digərləri çıxış edərək son illərdə respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan yüksək nailiyyətlərdən danışmış, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini dəstəklədiklərini bildirmişlər. Çıxışçılar qeyd etmişlər ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları Tərtər rayonunda uğurla həyata keçirilir.  Rayon rəhbərliyi tərəfindən təmas xəttində olan kəndlər daim diqqət mərkəzində saxlanılır. İstinad divarlarının çəkilməsi, kəndin yolunun asfaltlanması, 1000 metr kəndarası yolda müasir gecə işıqlandırma sisteminin quraşdırılması, kəndin qazlaşdırılması rayon rəhbərliyinin təmas xəttində yerləşən kəndlərə göstərdiyi diqqət və qayğının təzahürüdür.

Qapanlı kəndinin ağsaqqalı Əli Əliyev çıxış edərək istinad divarlarının hündürlüyünün artırılması, kənd sakini İlham Cabbarov isə içməli su artezianının vurulması təklifini vermiş, Qarabağ müharibəsi əlili Yusif Salayev kəndin əsas yolunun təmiri ilə bağlı rayon rəhbərliyinə minnətdarlıq bildirmişdir.

Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin Başçısı  Müstəqim Məmmədov  əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söhbət açmışdır. Rayon rəhbəri daha sonra Tərtər rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışmış, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün təmas xəttində yerləşən kəndlərimizdə görülən işləri qeyd etmiş, sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını vermişdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər