Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi: Vətən daşı olan oğullar

15 yanvar 2015 | 16:00

 Bu gün Azərbaycanın Milli Qüəhrəmanı mayor Elman Huseynovun adını daşıyan küçədə büstü önündə şəhidlik zirvəsinə yüksəlməsinin 22-ci ildönümü qeyd olundu. Ailə üzvləri, rayon ictimayyətinin nümayəndələri əvvəlcə onun büstü önünə gül-çiçək dəstələri qoydular. Sonra Azərbaycan Vətən Müharibəsi Birliyinin rayon şöbəsinin sədri, Elman Hüseynovun silahdaşı Nizami Heydərov tədbiri açaraq sözü rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudova verdi. O, həmyerlimiz haqqında məlumat verərək bildirdi ki, Azərbaycanın Milli Qəhrəmanı, mayor Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində, 1968-1973-cü illərdə isə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisası üzrə təhsil alıb. Elman Hüseynov 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant, baş leytenant rütbəsində zabit kimi xidmət edib. Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib.

   Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, Qarabağda baş verən hadisələrdən sonra 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib və 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi təyin olunub. 12 noyabr 1991-ci ildə Müdafiə Nazirinin  müvafiq əmri ilə yaradılan Tərtər ərazi özünümüdafiə batalyonunun (813 saylı əlahiddə hərbi hissənin) komandiri təyin olunub. Qısa zaman ərzində Tərtər rayonunun və ətraf sərhəd kəndlərinin müdafiəsi üzrə mühüm strateji postların yaradılmasını təşkil edib. Elman Hüseynov torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb və 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.


   1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə Respublikamızın ərazi bütövlüyü və suverenliyinin qorunmasında, vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi igidliyə, şəxsi şücaətə və misilsiz xidmətlərinə görə mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bəli, Elman Hüseynovun xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq, Vətən daşı olan oğulların şücaəti cəbhə bölgəsində yaşayan gənclər üçün bir örnəkdir.

Qəhrəmanın həyat yoldaşı, onun 3 övladını boya-başa çatdıran Sveta xanım göz yaşları içərisində öz ürək sözlərini dedi.

Sonra rayon polis rəisinin müavini Nəbi Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin nümayəndəsi Rəfayıl Xəlilov, Böyük Vətən Müharibəsi və əmək veteranları şurasının sədri İman Almuradov, ağsaqqallardan Nəriman Sadıqov, Elman Hüseynovun vaxtı ilə oxuduğu Azadqaraqoyunlu kənd tam orta məktəbin müəllimi Mustafa Cəfərov, əmisi Rəhbər Hüseynov çıxış edərək Milli Qəhrəmanla bağlı xatirələrini söylədilər. Sonra Azadqaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri qəhrəmana, vətənə, Qarabağa aid şerlər söylədilər.

Tədbiri aparan Nizami Heydərov Qarabağ Müharibəsi Veteranları adından şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi.

Tərtər məhz Elman Hüseynov kimi oğulların canı, qanı bahasına alınmaz qalaya çevrilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər