Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil olunmuşdur.

28 dekabr 2014 | 16:00

 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayonun mərkəzi meydanında təntənəli tədbir keçirilmişdir. Tədbirdə 8 mindən yuxarı rayon sakini iştirak etmişdir. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını hər iki bayram münasibəti ilə təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Rayon rəhbəri illərin qovuşuğunda ötən illərə nəzər salmış, görülən işlərdən söhbət açmışdır. O qeyd etmişdir ki, yola salmaqda olduğumuz 2014-cü il bütövlükdə rayonumuz üçün uğurlu olmuşdur. Rayonun makroiqtisadi göstəriciləri yüksəlmiş, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf etmiş, sosial tərəqqiyə nail olunmuşdur. Cəbhəyanı kəndlərdə sosial problemlərin həlli istqamətində işlər sürətləndirilmişdir. Doğma Tərtərimiz dəyişmiş, inkişaf etmiş, gözəlləşmişdir. Yollar genişləndirilmişdir, səkilər yenidən qurulmuş, divarlar müxtəlif bəzək daşları ilə üzlənmişdir. Türkiyədən gətirilmiş gecə lampaları şəhərimizi çıraqban etmiş, ona füsünkar bir gözəllik bəxş etmişdir.  Bundan başqa 6 cəbhə xəttinə yaxın kəndlərimiz gecə işıqlandırması ilə təmin olunmuş, Qapanlı kəndinin yoluna asfalt salınmışdır. Yeni parklar, yolkənarı meşə zolaqları salınmış, minlərlə gül və bəzək kolları, dekorativ ağaclar əkilmişdir. İnsanların gündəlik sosial ehtiyacları su, işıq, qaz problemləri həll olunmuşdur.

Şəhərin Ümumilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi meydanı yenidən qurulmuşdur. Belə ki, 8200 m2 sahəsi olan mərkəzi meydan yeni keyfiyyətli tamet daşları ilə üzlənmişdir. Meydanda yağış sularının axıdılması üçün 500 m yeni kanalizasiya xətti çəkilmiş, prospektdə və şəhərin digər məhəllələrində 4500 m-dən çox su xətləri yenilənmişdir.

Heydər Əliyev meydanında və “Heydər park”ının ətrafında 39 ədəd yeni müasir tipli işiqlandırma sistemi quraşdırılmışdır. Prospektdə uzunluğu 4 km olan səkilərdə yenidənqurma işləri aparmış, yeni bardyorlar düzülmüş və 7500 m2-dən çox səkilərə tamet daşları döşənmişdir.

“Heydər parkı”nda uşaqlar üçün əyləncə mərləzi yaradılmış, uşaq karuselləri quraşdırılmışdır.

Prospektdə yerləşən rayon icra hakimiyyətinin inzibati binasında əsaslı təmir işləri aparılmışdır.

Şəhərin Nizami, Vasif Hüseynov, Vüqar Həsənov və Ədalət Paşayev küçələrində kommunal yaşayış binalarının yerləşdiyi ərazilərdə sakinlər tərəfindən qanunsuz və pərakəndə şəkildə tikilmiş müxtəlif təyinatlı, kiçik həcmli tikililər (qarajlar, anbarlar, toyuq damları və s.) sökülərək, ərazi təmizlənib genişləndirilmiş, həmin sahəyə yüzlərlə maşın torpaq daşınaraq hamarlanmşdır. Hər dörd küçədə “Nümunəvi məhəllə” yaradılır. Təmizlənmiş ərazidə yaşıllaşdırma işləri aparılmış, uşaqlar üçün əyləncə mərkəzi yaradılmış, Nizami küçəsində beşmərtəbəli yaşayış binalarının həyətlərinin təmizlənib genişləndirilməsi nəticəsində 1,7 hektar sərbəst ərazi yaradılmışdır. Burada 40m x 20m ölçülərində kiçik futbol meydançası inşa edilmişdir. Ərazidə sakinlərin istirahəti üçün park yaradılmış, səkilər və meydançalar hazırlanmışdır. Həmin ərazidə qarajları sökülmüş vətəndaşlara məhəllənin münasib bir yerində planlı surətdə qaraj tikilməsi üçün yer ayrılmışdır.

Şəhərin Vasif Hüseynov küçəsində yerləşən beşmərtəbəli,             36 mənzilli,  Nizami küçəsində yerləşən 4 ədəd ikimərtəbəli, 16 mənzilli yaşayış binalarının və 6 saylı şəhər tam orta məktəb binasının dam örtükləri əsaslı təmir olunaraq müasir mansard üslubunda yenidən qurulmuşdur.

Şəhərin Mahir Əsədov küçəsində 800 m, Mehdi Hüseynzadə küçəsində 600 metr məsafədə istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənir, kommunikasiya xətləri qaydaya salınır, küçədə işıqlanma sisteminin quraşdırılması və asfalt qoyulması üçün hazırlıq işləri aparılır.

Uzun illər içməli su saridan əziyyət çəkən Səməd Vurğun və Rövşən Kərimov küçələrinin sakinlərinin su problemini həll etmək üçün 1 ədəd subartezian quyusu qazılmış və küçə sakinləri içməli su ilə təmin olunmuşdur. 

Şəhərin Nizami küçəsində 100 yerlik körpələr evi uşaq bağçasının, Heydər Əliyev prospektində isə Olimpiya idman kompleksinin və Kənd Təsərrüfatı İdarəsinin İnzibati-laboratoriya binasının tikintisinə başlanılmışdır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış evinin, Qaz İstismarı İdarəsinin, YAP rayon təşkilatının inzibati binalarının tikintisi başa çatmış, son tamamlama işləri aparılır.

Şəhərdə 18 km uzunluğunda daşıyıcı qaz, 1600 m uzunluğunda paylayıcı qaz xətləri qaydaya salınaraq rənglənmişdır.

Rayonun kəndarası yollarında da əsaslı və cari təmir işlərinə başlanılmışdır. Belə ki, uzunluğu 6 km olan 4 yaşayış məntəqəsini birləşdirən  Qapanlı- Seysulan yolunun çınqıl örtüyü əsaslı təmir olunmuş,  3000 m hissəsinə asfalt örtüyü salınmışdır.

Qaradağlı-Bayandur-Kəbirli-Xoruzlu kəndarası yolunda 10 km,  Sarov-Borsunlu yolunda 10 km, Qaynaq-Qapanlı-Qazyan yolunda 15 km, Səhləbad-Əskipara yolunda 4 km, Azad Qaraqoyunlu-Qapanlı, İlxıçılar-Köçərli yolunda 8 km, İsmayılbəyli-Evoğlu yolunda 10 km  məsafədə cari təmir işləri aparılaraq  çınqıl örtüyü bərpa edilmiş, qreyderlə hamarlanmış, gediş-gəliş xeyli rahatlaşmışdır. Sarıcalı, Zolgəran kəndləri ərazisində Tərtər çayı üzərində yeni körpü tikintisi məqsədilə hazırlıq işləri aparılır.

Təmas xəttinə yaxın məsafədə yerləşən Qapanlı, Qazyan, Hüsənli, Dəmirçilər və Borsunlu kəndlərində ümumi uzunluğu 8,5 km olan gecə işıqlanması quraşdırılmışdır. 

Rayonda 420 şagird yerlik Qazyan kənd tam orta, 150 şagird yerlik Borsunlu kənd tam orta, 150 şagird yerlik Rəcəbli ümumi orta məktəbləri əsaslı təmir olunmuş və istifadəyə verilmişdir. Şəhər 6 saylı və 5 saylı tam orta məktəb binalarında əsaslı təmir işləri aparılır.

Hazırda rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilir.

2015-ci ildə isə rayonumuzda məcburi köçkünlər üçün yeni qəsəbə salınacaqdır.

Tərtərlilər təkcə rayonumuzda deyil, onun hüdudlarından uzaqlarda da zəhmətləri, bilikləri, istedadları hesabına hörmət və nüfuz qazanırlar, harada yaşamalarından asılı olmayaraq onlar doğma Azərbaycanımızı layiqincə təmsil və təbliğ edirlər.

Sonra rayon rəhbəri Ermənistanın Azərbaycan təcavüzü nəticəsində ev-eşiyindən didərgin düşmüş qaçqın və köçkün soydaşlarımızı 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etmiş, hamıya xoş ovqat, can sağlığı arzulamışdır.

Şaxta baba və Qar qızın gəlişi şənliyi daha da canlandırmışdır. Nəgmələr, rəqslər bir-birini əvəz etmiş, sakinlərə xoş ovqat bəxş etmişdir.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup işçiyə rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən Fəxri Fərman, 100 nəfərə ərzaq yardımı, 100 nəfərə isə qiymətli hədiyyələr verilmişdir.

Tədbirin sonunda atəşfəşanlıq olmuşdur.
 

Keçidlər