Avropa Şurasının Parlament Assambleyasının məruzəçisi Tərtər rayonunda olub
Avropa Şurası Parlament Assambleyasının sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçisi xanım Milisa Markoviçin Azərbaycanda faktaraşdırıcı səfəri çərçivəsində cəbhə bölgəsi olan Tərtər rayonunda görüşü keçirilmişdir. Səfər çərçivəsində rayona gələn nümayəndələri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xatirə Məmmədova qarşılamışdır. Sonra görüş proqrama uyğun rayon icra hakimiyyəti başçısının otağında davam etdirilmişdir.
Rayon rəhbəri görüş iştirakçılarına Sərsəng və Madagiz Su anbarlarının ermənilərin işğalı altında olmasının rayonun kənd təsərrüfatına, əsasən əkin sahələrinə vurduğu ziyan və sudan əziyyət çəkən rayon əhalisi barədə ətraflı məlumat vermişdir. Rayon rəhbəri Milisa Markoviçin Sərsəng Su anbarı və Tərtər çayı, ekspert Lidiya Vamvakeridu-Lirediyanın təsərrüfat suyundan əziyyət çəkən yerli əhali barədə verdikləri sualları cavablandırmışdır. Sonra görüş iştirakçıları Militsa xanımın Sərsəng Su anbarı və onun ətrafındakı bölgələrdə su çatışmamazlığının yaratdığı vəziyyət barədə hazırlayacağı məruzə ətrafında fikir mübadiləsi etmişlər.