Ulu Öndərin xatirəsi anıldı
Rayonun Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoymuş xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir “dəyirmi masa” arxasında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudovun təklifi ilə Umummilli liderin xatirəsi bir dəqiqəlik sukutla yad edilmişdir. İlk sözü isə mərkəzin direktoru Səlimə Yusifova dedi. S.Yusifova Ulu Öndərin həyat və fəaliyyəti haqqında danışaraq qeyd etdi ki, Heydər Əlirza oğlu Əliyev Azərbaycan xalqına bir tanrı bəxşişi idi. O, sadə, zəhmətkeş bir ailədə doğulub boya-başa çatmışdır. Min cür maneələrdən, çətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalmışdır. Onun adı Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuşdur. O, əsil azərbaycanlı, dünya şöhrətli siyasətçi. Nadir şəxsiyyət, təcrübəli dövlət başçısı, dahi rəhbər idi.
Ulu Öndər 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etməyə başlamışdı. O vaxt Azərbaycan geridə qalmış aqrar bir ölkə idi, xalq ehtiyac içində yaşayırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikası öz iqtisadi yüksəliş dövrünə qədəm qoydu. Azərbaycanda 250-dən çox yeni zavod və fabriklər tikildi, yeni qəsəbələr salındı, neftayırma sənayesi yenidən quruldu, elektrotexnika, radiotexnika, neftayırma, Bakı kondinsionerləri zavodları tikildi. Respublikada pambıqçılıq və üzümçülük geniş inkişaf etdi.
M. Qarbaçovun üzdəniraq yenidənqurma siyasəti ortaya atılarkən xalqımızın düşmənləri Ulu öndərə qarşı açıq hücuma keçdilər və onu siyasi fəaliyyətdən uzaqlaşdırmaq üçün hər cürə tədbirə əl atdılar. 1987-ci ildə Ulu öndər vəzifəsindən istefa verdi və Kommunist partiyasından çıxdı.
1990-cı ilin yanvar hadisələrində ilk dəfə olaraq xalqının səsinə səs verən, ona qarşı qətl törədən rus imperiyasının iç üzünü açan, bütün dünyaya car çəkən ulu öndər oldu. Bundan sonra 1990-cı ilin iyununda ulu öndər Naxçıvana gəldi və yenidən siyasi meydana qayıtdı. 22 iyul 1990-cı ildən 9 iyun 1993-cü ilədək Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərmiş, Naxçıvandan Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan MR-nın Ali Məclisinə deputat seçilmiş və burada xalqın tələbi ilə Ali Məclisin sədri vəzifəsində işləmişdir. Məhz Yeni Azərbaycan Partiyası da Naxçıvanda 1992-ci ilin 21 noyabr təsis konfransında yaradılmış və Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başlamışdır.
“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nün təsis edilməsi haqqındakı Sərəncamı da Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyev imzalmışdır.
Sonralar Ayaz Mütəllimov ölkəni vətəndaş müharibəsi qarşısında qoyub Moskvaya, Əbülfəz Elçibəy ölkənin müstəqilliyini təmin edə bilməyib doğulduğu Kələki kəndinə qaçanda xalq yenə də Ulu Öndərə pənah gətirdi. 1993-cü il iyun ayının 17-də Heydər Əliyev yenidən hakimiyyətə gəldi və Azərbaycanı parçalanmaqdan qurtardı. O, əvvəlcə Azərbaycan Ali Sovetinin sədri, sonra Prezident səlahiyyətlərinin icraçısı, oktyabr ayının 3-də isə səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycan 1993-cü ilin iyununda, 1994-cü ilin sentyabrında, 1995-ci ilin martında baş verəcək faciələrdən qurtuldu. Uzun müddətli atəşkəs əldə edildi.
Heydər Əliyevin ilk Prezidentliyi dövründə qazanılan əsas nailiyyətləri yada salsaq, ilk növbədə ölkədə ictimai-siyasi sabitlik bərqərar olunmuş, qətiyyətlə yürüdülən daxili və xarici siyasət nəticəsində milli müstəqillik xətti dönmədən həyata keçirilmiş, hüquqi, demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşması, Azərbaycanın Beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsi istiqamətində önəmli və ardıcıl addımlar atılmışdır.
1994-cü ilin sentyabrında ümumi dəyəri 50 milyard dollar olan “Əsrin müqaviləsi” adlı nəhəng müqavilə imzalandı. Məhz “əsrin müqaviləsi”nin reallaşması sayəsində bu gün müstəqil Azərbaycan regionda təhlükəsizliyin qarantına, dünyada aparıcı söz sahibinə çevrilmişdir.
Bü günkü Azərbaycan, dövlətçiliyimiz, müstəqilliyimiz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlı olmaqla yanaşı, onun müdrik siyasətinin, parlaq zəkasının məhsuludur. Heydər Əliyev Müstəqil Azərbaycanın yaradıcısıdır. Müstəqil Azərbaycan isə Ulu Öndərin şah əsəridir.
Sonra rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülxar Abbasova və şəhər 5 saylı məktəbin tarix müəllimi Rizvan Sultanov çıxış edərək, Umummilli liderin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək, onun təhsilə göstərdiyi qayğını ön plana çəkdilər.
Tədbirdə Ulu Öndər haqqında çəkilmiş film də nümayiş etdirildi.