Növbəti səyyar qəbul-görüş rayonun Seydimli kəndində keçirilmişdir
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Seydimli kəndində keçirilmişdir.
Görüşdə icra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etmişlər.
Görüşdə iştirak edən kənd sakinlərindən Nurəddin İbrahimov, Ələddin Süleymanov, Rəna Hüseynova, Zinyət Murtuzayeva, Sayəddin Musayev, Zərqələm Rzayeva, Abbas Orucov və başqaları çıxış edərək son illərdə respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan yüksək nailiyyətlərdən danışmış, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik fəaliyyətini dəstəklədiklərini bildirmişlər. Görüş iştirakçıları razılıqla qeyd etmişlər ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları Tərtər rayonunda uğurla həyata keçirilir. Son illərdə Tərtər şəhəri, qəsəbə və kəndlər öz simasını tamamilə dəyişmiş, yeni-yeni sosial obyektlər, səhiyyə, mədəni-maarif müəssisələri tikilib istifadəyə verilmiş, yolların təmirinə diqqət artırılmışdır.
Rayonda görülən geniş abadlıq və quruculuq işlərinə görə Cənab Prezident İlham Əliyevə və rayon rəhbərliyinə dərin təşəkkür və minnətdarlıqlarını bildirən kənd sakinləri son illər Seydimli kəndində müasir tələblərə cavab verən yeni məktəb binasının tikilməsini, körpələr evi-uşaq bağçasının əsaslı təmir olunaraq istifadəyə verilməsini, əhalinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün əlavə subartezian quyularının qazılıb sakinlərin istifadəsinə verilməsini yüksək qiymətləndirmiş, kəndin qazlaşdırılmasını, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasını, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsini, kənd mədəniyyət evinin təmir olunmasını, eləcə də bir sıra şəxsi problemlərin həllinə kömək edilməsini rayon İcra Hakimiyyətinin başçısından xahiş etmişlər və digər məsələlərin həlli ilə əlaqədar təkliflər vermişlər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söhbət açmışdır. Rayon rəhbəri daha sonra Tərtər rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışıb, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən işləri qeyd etmiş, sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını vermişdir.