3 dekabr Beynəlxalq Əlillər günü qeyd olundu
“Asiman” şadlıq sarayında Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə müxtəlif kateqoriyadan olan 150 nəfər əlil iştirak etmişdir. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları təbrik edərək bildirmişdir ki, hər bir ölkədə elə qrup insanlar var ki, onlara münasibət daha böyük diqqət və qayğı, həssaslıq tələb edir. Bunlar daim sosial və mənəvi qayğıya ehtiyacı olan əlillərdir. İstənilən halda bu insanlar cəmiyyətin ayrılmaz hissəsidir.
Dekabr ayının 3-ü bütün dünyada Beynəlxalq Əlillər günü kimi qeyd olunur. Birləşmiş Millətlər təşkilatının təşəbbüsü ilə keçirilən Beynəlxalq Əlillər günü 1994-cü ildən Azərbaycandada qeyd olunur. İnsan amilini həmişə diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqirasiyasını gücləndirmişdir. Hazırda bu istiqamətdə işlər onun siyasi kursunun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.
“Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək”, deyən dövlət başçısının bu sözləri əlillərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Sonra rayon rəhbəri bildirmişdir ki, Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, əlillərə pulsuz mənzil verilir. Əlillərin pulsuz mənzillə təmin edilməsi işinə 1997-ci ildən Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə başlanmışdır.
Artıq respublikamızda əlillərin müalicə pansionatı fəaliyyət göstərir, reabilitasiya sistemi tamamilə qurulmuş, əlillərin sosial müdafiəsini daha səmərəli təşkil etmək məqsədi ilə hüquqi baza təkmilləşdirilmişdir.
Rayonumuzda müəyyən qruplardan olan 2223 nəfər əlil vardır. Onlardan 285 nəfərə-Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir, 1984 nəfərə isə ümumi xəstəlik üzrə müavinət verilir. Demək olar ki, əlillərin hamısı rayon mərkəzi xəstəxanasında dispanser nəzarətinə götürülmüşdür. Müalicəyə ehtiyacı olan əlillər Nazirlik tərəfindən hər il müxtəlif sanatoriyalara göndərilir. 2014-cü il ərzində 20 nəfər Qarabağ əlilinə Nazirlik tərəfindən “Nazifan” markalı minik avtomobili verilmişdir. Bayram ərəfəsində isə 75 nəfər əlilin hər birinə 30 manat birdəfəlik müavinət verilmişdir.
Rayonumuzda Qarabağ müharibəsi veteranları və əlilləri üçün iki 16 və bir 24 mənzilli yaşayış evləri, 16 ev tikilib istifadəyə verilmişdir. Hal-hazırda isə Qarabağ müharibəsi veteranları və əlilləri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış evi tikilir.
Qarabağ müharibəsi və Böyük Vətən Müharibəsi, Çernobıl qəzasının aradan qaldırılması zamanı əlil olanlara torpaq islahatı zamanı əlavə 1 pay torpaq verilmişdir. Əlil uşaqlar fərdi təhsilə cəlb olunmuşdur.Çenobl əlillərinin hər birinə ildə bir dəfə 160 manat müalicə pulu, 200 manat isə birdəfəlik müavinət verilir.
Möhtərəm Prezdentimiz İlham Əliyevin əlillərin sosial təminatının yaxşılaşdırılması barədə imzaladığı fərman və sərəncamlar onların həyat səviyyəsinin yüksəldilməsi ilə yanaşı, əlillərin digər sosial məişət problemlərinin həllində də mühüm rol oynayır. Bu mühüm sənədlərin icrası ilə əlaqədar respublikamızda geniş iş aparılır və görülən işləri əlillər xüsusi minnətdarlıqla qarşılaylrlar. İnanırıq ki, bu böyük işlər gələcəkdə də uğurla davam etdiriləcəkdir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca əlillərin, aztəminatlı ailələrin sosial problemləri tamamilə aradan qaldırılacaqdır.
Sonra Böyük Vətən Müharibəsi Veteranlar şurasının sədri İman Almuradov, Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusifov, Qadın Əlillər Cəmiyyətinin sədri Tünzalə Əliyeva, Tərtər rayon ƏSMM-nin direktoru Vüsal Əzizov çıxış edərək əlilləri təbrik etdilər.
Çay süfrəsi arxasında keçən tədbiri rayon mədəniyyət evinin hazırladığı konsert proqramı daha da şənləndirdi.
Tədbir şən və yaddaqalan oldu.