Növbəti səyyar qəbul-görüş rayonun Qaradağlı kəndində keçirilmişdir
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qaradağlı kəndində keçirilmişdir.
Görüşdə icra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etmişlər.
Görüşdə iştirak edən kənd sakinlərindən Fikrət Həsənov, Bayram Orucov, Davud İbrahimov, Laləzar İbrahimova, Famil Aslanov, Elsaf Kərimov, Sevda İsmayılova, Mehman Cəbrayılov, Musa Qaçayev çıxış edərək kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinin, eləcə də bir sıra şəxsi problemlərin həllinə kömək edilməsini rayon İcra Hakimiyyətinin başçısından xahiş etmişlər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söhbət açmışdır. Rayon rəhbəri daha sonra Tərtər rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışıb, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən işləri qeyd etmiş, sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.