Baş prokuror Tərtər şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov noyabrın 27-də Tərtər Rayon Prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl baş prokuror və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 32 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, eyni zamanda, prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər araşdırılması üçün aidiyyəti üzrə göndərilib.