Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-ın yaranmasının 22-ci ildönümü qeyd edildi

21 noyabr 2014 | 16:00

Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü qeyd edildi. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoydular.
   Sonra tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov  hər kəsi Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə təbrik etdi. O, Yeni Azərbaycan Partiyasının 22 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirərək,  1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti ulu öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını bildirdi. O, ümummilli liderin əsasını qoyduğu siyasi kursun, 1994-cü ildən aparılan uğurlu neft strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, bu siyasət nəticəsində hazırda ölkəmizin qüdrətli dövlətə çevrildiyini və Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinin məhz Azərbaycanın payına düşdüyünü qeyd etdi, partiyanın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının ümmumilli liderə müraciət etdiyini və bundan sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyini bildirdi. 1990-cı ilin əvvəllərində ölkəni idarə edən şəxslərin yarıtmaz fəaliyyətinin xalqın səbr kasasının daşmasına səbəb olduğunu, xaqlın ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdiyini, 1993-cü ildə Heydər Əliyevin ölkəmizi ölümün caynağından xilas etməsinin Azərbaycan tarixində mühüm tarixi hadisə olduğunu dedi. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində bu gün respublikanın sürətlə inkişaf etdiyini, Qarabağın bir hissəsi olan Tərtər rayonunda böyük quruculuq, abadlıq işlərinin aparıldığını və rayonun davamlı şəkildə inkişaf etdiyini vurğuladı.
   YAP rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının ümummilli partiya olduğunu, Azərbaycanın həyatında mühüm rol oynadığını qeyd etdi. O, YAP-ın təkcə partiya üzvlərinin deyil, həm də qəlbi hər zaman vətənə sədaqət, sevgi ilə dolu olan hər kəsin partiyası olduğunu bildirdi. R.Şabanov Yeni Azərbaycan Partiyasının Azərbaycanda siyasi əqidənin əsasını qoyduğunu, ölkədə siyasi stabillik yaratdığını, Azərbaycanı çətin dövrlərdə parçalanmadan xilas etdiyini və ölkəmizin inkişafına misilsiz töhfə verdiyini qeyd etdi. O, ulu öndər Heydər Əliyevin partiyanı yaradan zaman azərbaycançılıq, dövlətçilik kimi prinsipləri əsas götürdüyünü, hazırda partiyaya gənclərin böyük axın etdiyini və bu halın partiyanın inkişafından xəbər verdiyini dedi. Bildirdi ki, hazırda  rayon təşkilatının 84 ərazi ilk partiya təşkilatı və 5569 nəfər YAP üzvü vardır ki, onlardan da 2896 nəfəri qadın, 2673 nəfəri kişi, 1415 nəfəri isə gənclərdir. Təşkilatda partiyanın boy sırasının artırılması daim diqqət mərkəzindədir. Bu ilin ötən aylarında 283 nəfər müxtəlif təbəqənin və sosial qrupun nümayəndəsi Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuşdur. Ərazi ilk partiya təşkilatında gənclərin boy sırasının artırılmasına xüsusi diqqət yetirilir.
   Sonra çıxış edən rayon mərkəzi xəstəxanasının həkimi Pərvanə Xuduyeva isə öz növbəsində qeyd etdi ki, Partiya müstəqilliyimizlə yaşıddır. Partiyanın 650 mindən çox üzvü var ki, orada gənclərin və qadınların də sayı kifayət qədərdir. YAP-ın əsas funksiyası hamıya bəllidir. Partiya azərbaycançılıq ideyalarına xidmət edir. Bu gün Azərbaycan güclü dövlət kimi beynəlxalq miqyasda da öz sözünü deməkdədir. Təbii ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasətinin qoyduğu mütərəqqi təməlin davamı, məntiqi nəticəsidir. Bu bir siyasi xətdir, bunu dəyişmək mümkün deyil. Bu siyasi xətti isə xalq-iqtidar birliyini özündə cəmləşdirən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirir”.
   Şəhər 1 saylı tam orta məktəbin uşaq gənclər birliyinin sədri Türanə Bayramova bildirdi ki, YAP böyük çətinliklərə, fırtınalara sinə gərərək, həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirmişdir. Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan, dünya xəritəsindən bir dövlət olaraq silinmək təhlükəsini yaşayan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Ulu Öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Azərbaycanın inkişaf strategiyasının təməlini də məhz Ulu Öndər Heydər Əliyev siyasəti, bu siyasi xəttin bariz nümunəsi olan Yeni Azərbaycan Partiyası qoyub. Hazırda Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətini sevən hər bir azərbaycanlı məhz bu siyasəti dəstəkləyir, bundan sonra da dəstəkləyəcək.
   Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edildi.

Keçidlər