Növbəti səyyar qəbul-görüş Mamırlı kəndində keçirilmişdir
Tərtər rayonunda icra hakimiyyəti başçısının səyyar qəbul-görüşlər keçirilməsi artıq ənənə halını almışdır. Rayon rəhbərinin bu iş üsulu sakinlər tərəfindən rəğbətlə qarşılanır və yaxşı səmərə verir. Belə səyyar qəbul-görüşlərdən biri də noyabrın 18-də Mamırlı kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədirləri, KİV-nin nümayəndələri iştirak etmişlər.
Görüşdə kənd sakinlərindən Məzahir Cəfərov, Məhəbbət Səlimova, Habil Məmmədov, Ramiz Əliyev, Anar Atayev, Zabil Quluyev, Oruc Qocayev, Zülfü Aslanov, Xəlil Əsədov, Mübariz Mahmudov və başqaları çıxış edərək arzu və təkliflərinin səsləndirmişlər. Qeyd olunmuşdur ki, kənddə aparılan abadlıq-quruculuq işləri, 19,5 km uzunluğu olan Mamırlı-Poladlı yoluna yeni asfalt örtüyünün salınaraq sakinlərin istifadəsinə verilməsi, kənd sakinlərinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün yeni subartezian quyularının qazılıb istifadəyə verilməsi, sakinlərin arzu və təkliflərini yerindəcə dinləmək üçün kəndlərdə səyyar qəbul-görüşlərin keçirilməsi dövlətimiz tərəfindən sakinlərə göstərilən qayğının bariz nümunəsidir. Sakinlər kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə ehtiyac olduğunu bildirmişlər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizin və rayonumuzun sosial-iqtisadi inkişafından, rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən proqramların əhəmiyyətindən, rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, rayonda həyata keçirilən tikinti-abadlıq və quruculuq sahəsində işlər bundan sonra da davam etdiriləcəkdir.
Rayon rəhbəri sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası ilə əlaqədar müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar vermişdir. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.