Qarabağ bölgəsinə təşkil edilən ekskursiya iştirakçıları Tərtər rayonunda oldular
“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyada iştirak edən Nərimanov və Qaradağ rayonlarının məktəbliləri noyabrın 16-da Tərtər rayonuna gəldilər.
Tərtər şəhərinin girişindəki Dövlət Bayrağı Meydanında qonaqları qarşılama mərasimi keçirildi. Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov şagirdləri salamlayaraq, onlara Tərtərin qədim tarixi, abidələri və müasir inkişafı barədə məlumat verdi.
İlk öncə Bayraq Meydanı ilə tanış olan şagirdlərə məlumat verildi ki, bayraq dirəyinin hündürlüyü 65 metr, bayrağın uzunluğu 14, eni isə 7 metrdir. Dövlət bayrağı Tərtərin bir çox yerindən aydın görünür. Düşmən tapdağında olan torpaqlarımızla az bir məsafədə yerləşən möhtəşəm meydanda Azərbaycanın Dövlət Bayrağının dalğalanması qürurverici haldır.
Sonra Tərtər şəhərinin mərkəzinə ekskursiya edən məktəblilər Heydər Əliyev parkında gəzdilər, Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalar ilə tanış oldular.
Şagirdlər sonra Heydər Əliyev meydanında dahi rəhbərin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoydular. Rayon mədəniyyət evində tərtərli uşaqların ifasında təqdim olunan mahnılar ekskursiya iştirakçılarına xoş ovqat bəxş etdi.
Gənclər Mərkəzinə gələn şagirdlərin diqqətinə çatdırıldı ki, Mərkəz cəbhə bölgəsində yaşayan tərtərli gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayır. Mərkəzdə hər cür şəraitin olduğu gənclər kafesi, iclas zalı, karaoke-diskoteka, virtual-rinq, tir otaqları, 3D kino zalı, xarici dillər və linqafon otağı, həmçinin fotostudiya yaradılıb, həyətdə mini stadion inşa edilib.
Ekskursiya iştirakçıları gənclər kafesində çay içib, tir atıcılıq otağında hədəfə atəş açma üzrə məharətlərini göstərdilər, 3D kinozalında Azərbaycanın milli adət-ənələrini əks etdirən videoçarxa baxdılar.
Ekskursiya iştirakçıları Tərtərdən xoş təsüratlarla ayrıldılar.