Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümumtürk konteksində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

14 noyabr 2014 | 16:00

Zəngin tarixi və mədəniyyəti olan Qarabağ 20-ci yüzillikdə xaricxi ölkələrin təsiri ilə milli zəmində savaş və toqquşmalar meydanına çevirilmişdir. Nəticədə 700 mindən çox insan ata-baba yurdundan didərgin düşərək köçkünə çevrilmiş, bu isə yeni müstəqillik əldə etmiş Azərbaycanın da, işğalçı Ermənistanın da iqtisadiyyatına, mənəviyyatına ağır zərbə vurmuşdur.

Bölgələrdə qeyri-sabit durum yüzillər boyu formalaşmış folklor mühitini də məhv olmaq təhlükəsi ilə üzləşdirmişdir. Zəngin folklorumuz ümumdünya mədəniyyətinin bir hissəsi olduğuna görə AMEA Folklor İnstitutu var gücü ilə çalışır ki, savaşdan, qaçqınlığın doğurduğu sarsıntılardan qurtulub folklor daşıyıcıları ilə sıx əlaqə yaradıb, onlardan folklor örnəkləri lentə alsın, kağıza köçürsün. Görülmüş tədbirlər öz bəhrəsini vermiş, 2012-2014-cü illərdə 9 cildlik “Qarabağ: folklor da bir tarixdir” toplusu çap edilmişdir.

Qarabağ mədəniyyətinə diqqəti daha da artırmaq üçün AMEA Folklor İnstitutu Tərtər Rayon İcra Hakimiyyəti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə 2014-cü ilin noyabr ayının 14-də Tərtər şəhərində “Ümumtürk konteksində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirmişdir.

Konfransın keçirilməsində məqsəd həm Qarabağda, həm də digər bölgələrimizdə mövcud olmuş xalq oyunu və meydan tamaşalarını ümumtürk konteksində öyrənən və araşdıran elm adamlarının bir araya gəlməsini təmin etmək, onların fikirlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdır.

Konfrans iştirakçıları əvvəlcə xalq adət-ənənələrimizlə tanış oldular. Onlar yun əyirən, yuxa yayan, kətə bişirən analarla görüşüb, Qəmbər pəhləvanın çıxışlarını izlədilər, maral, dirədöymə, ənzəli oyunlarına, “Hakışta” yallı rəqsinə baxdılar, balaca Aytacın ifasında “Sarı gəlin” mahnısını alqışlarla qarşıladılar. Saz aşıqları, söz ustaları da qonaqlara xoş ovqat aşıladı. Sonra konfrans öz işinə başladı.

Konfransı giriş sözü dilə AMEA-nın muxbir üzvü, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov açaraq konfransın iştirakçılarına tədbirin məqsədi haqqında məlumat verdi. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov konfrans iştirakçılarını salamlayaraq, onlara “xoş gəlmisiniz” – dedi. Rayon rəhbəri belə bir tədbirin Qarabağın dilbər güşəsi olan Tərtərdə-düşmənin bir addımlığında keçirilməsini alqışladı. Sonra “Aşıq Şəmşir” Mədəniyyət ocağı İctimai Birliyinin sədri Qəmbər Şəmşiroğlu və Beynəlxalq Avrasiya Mətbuat fondunu sədri Umud Mirzəyev, sinəsi folklor boxçası ilə dolu olan 80  yaşlı şairə Nubar Mədətova çıxış etdilər. Konfrans öz işini 4 bölmə üzrə davam etdirdi. Bölmələrdə rayon sakinləri Bəsti İsmayılova, Zabil Zeynalov, Xalidə Quluyeva, Sitarə Xəlilova, Zoya Məmmədova və başqaları fəallıq göstərərək müzakirələrdə iştirak edərək, maraqlı təkliflərlə çıxış etdilər. Sonra AMEA Folklor İnstitutu tərəfindən institutun əməkdaşlarına diplomlar təqdim olundu.
 

Keçidlər