Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul-görüş Sarov kəndində keçirilmişdir

11 noyabr 2014 | 16:00

Tərtər rayonunda icra hakimiyyəti başçısının səyyar qəbul-görüşlər keçirilməsi artıq ənənə halını almışdır. Rayon rəhbəri M.Məmmədovun bu iş üsulu sakinlər tərəfindən rəğbətlə qarşılanır və yaxşı səmərə verir. Belə səyyar qəbul-görüşlərdən biri də noyabırın 11-də rayonun Sarov kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədirləri iştirak etmişlər.

Görüşdə kənd sakinlərindən Mayıl Aslanov, Simuzər Mehdiyeva, Sahib Cuğuyev, Səkinə Kərimova, Əjdər Kərimov, Umud Cuğuyev,Tahir Nəsibov, Vüqar Abdullayev, Gülçöhrə Nəcəfova və başqaları çıxış edərək kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söhbət açmış, arzu və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, kənddə aparılan abadlıq-quruculuq işləri, kəndarası yolların təmir olunması, kənd sakinlərinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün tədbirlərin görülməsi, Kovdadıq kəndinə gedən yola asfalt örtüyünün salınması, Rəcəbli kənd əsas məktəbinin yenidən tikilib istifadəyə verilməsi dövlətimiz tərəfindən sakinlərə göstərilən qayğının bariz nümunəsidir. Sakinlər kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə, kənd klubunun əsaslı təmir olunmasına  ehtiyac olduğunu bildirmişlər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün onun siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açmış, Tərtər rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən proqramların əhəmiyyəti, rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, rayonda həyata keçirilən tikinti-abadlıq və quruculuq sahəsində işlər bundan sonra da davam etdiriləcəkdir.
Rayon rəhbəri sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası ilə əlaqədar müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar vermişdir. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər