Şriftin ölçüsü :

Saytın rəngi :

TƏRTƏR BÖLGƏ TƏCRÜBƏ STANSİYASINDA TAXILÇILIĞA HƏSR EDİLMİŞ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLDİ

17 oktyabr 2014 | 15:00

Oktyabr 17-də Azərbaycan ET Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni texnologiyaların və aralıq əkinlərin tətbiqi”nə həsr edilmiş ümumrespublika tarla müşavirəsi keçirildi. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, onun struktur tabeliyində fəaliyyət göstərən Respublika Dövlət Toxum Müfəttişliyinin müvafiq rayon təşkilatlarının, Ərazi Kənd Təsərrüfatı İdarələrinin, Aqrolizinq ASC-nin, Azərbaycan Dövlət Aqrar Univesitetinin,  Aqrar Elm Mərkəzinin, ET Əkinçilik, ET Aqromexanika, ET Pambıqçılıq İnstitutlarının, Milli Elmlər Akademiyasının ET Eroziya və Suvarma İnstitutunun, eləcə də Bərdə, Tərtər, İmişli, Ağdam, Ağcabədi, Yevlax, Salyan, Goranboy, Saatlı, Sabirabad və digər rayonlardan 100-ə qədər taxılçılıqla məşğul olan iri fermer təsərrüfatlarının rəhbərləri, kənd təsərrüfatı məhsul istehsalçıları və emalçıları, özəl və dövlət toxumçuluq təsərrüfatlarının rəhbər və mütəxəsisləri iştirak edirdi.
     Müşavirəni giriş sözü ilə açan Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev öz çıxışında taxılçılığın kənd təsərrüfatı sektorunun strateji sahələrindən biri olaraq ölkənin ərzaq təhlükəsizliyinin təminatında rolu, kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinin əldə olunmasında yeni texnologiyaların üstünlükləri, taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasının yüksək və keyfiyyətli məhsulun formalaşmasına təsiri və digər məsələlərə ətrfalı toxundu.
     Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik məhsullarının istehsalı,  emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi  şöbəsinin müdir müavini İmran Cümşüdov “Taxılçılıqda yeni texnologiyaların tətbiqinə və vahid əkin sahəsindən ikinci məhsulun alınması” haqqında tədbir iştirakçılarına geniş və əhatəli məlumat verdi. O həmçinin qeyd etdi ki, iqlim dəyişmələri fonunda yeni mütərəqqi resursmühafizəedici texnologiyaların tətbiqi 2-ci məhsulun əldə olunmasına, enerji resurslarına qənaət edilməsinə, istehsalın aparılmasına, torpaq resurslarının qorunması və münbitliyinin bərpası və saxlanılmasına səbəb olur. O, toxum normasını 35-40% azaldan, suvarma suyuna 25-30% qənaət edən, verilmiş gübrələrin və alaqlara qarşı mübarizənin səmərəliliyini artıran, xəstəlik və zərərvericilərin inkişafına mənfi, kondisiyalı toxum çıxımına müsbət təsir edən tirəyə əkin texnologiyasının üstünlükləri barədə də danışdı.
     ET Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai institutda yaradılmış taxıl sortlarının yeni texnologiyaların tətbiqində istifadəsi və əldə olunmuş nəticələr haqqında məlumat verərək qeyd etdi ki, bu gün institutun seleksiya proqramının rəhbəri akademik Cəlal Əliyevin rəhbərliyi altında yaradılmış yuumşaq buğdanın Azəri, Əzəmətli 95, Qobustan, Aran, Tale 38, Qırmızı gül 1, Murov 2, Zirvə 85, Qızıl buğda, bərk buğdanın Bərəkətli 95, Qarabağ və arpanın Qarabağ 22, Cəlilabad 19, Baharlı, Qüdrətli 48 sortları respublikada geniş əkin sahəsinə malikdirlər. Bu sortların fermer təsərrüfatlarında tətbiq edilən tirəli səpin texnologiyalarında məhsuldarlığı hektara 60-70 sentner təşkil etmişdir.
     Cari təsərrüfat ilində stansiyada arpa biçildikdən dərhal sonra ikinci məhsul üçün heç bir şum aparılmadan sıfır becərmə tətbiq edilmiş qarğıdalı, günəbaxan və darı bitkilərinin əkin sahələri tədbir iştirakçılarına nümayiş etdirildi. Bildirildi ki, ikinci məhsul üçün yeni texnologiyaların tətbiqi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsul istehsalçılarının maliyyə vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca vacibdir. Müşavirə iştirakçıları tədbirin sonunda Əkinçilik İnstitutunda görülmüş və nümayiş etdirilən tətbiq işlərini yüksək dəyərləndirirlər. Müşavirə mövzu ətrafında aparılan geniş müzakirələrlə yekunlaşdı.

Keçidlər