18 oktyabr-Dövlət Müstəqilliyi Günü qeyd olundu
18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibətilə Tərtər rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq Ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini YAP rayon təşkilatının sədri Ramiz Şabanov Dövlət Müstəqilliyi günü münasibətilə məruzə etmişdir. Məruzəçi qeyd etmişdir ki, XX əsrdə xalqımız iki dəfə müstəqillik əldə etmişdir. Əsrin əvvəlində 1918-ci ildə qazanılan müstəqilliyimiz 23 ay çəkdi. Xarici müdaxilə, ölkədaxili çəkişmə sonda müstəqilliyimizin itirilməsi ilə nəticələndi. Əsrin sonunda 1991-ci ildə isə vətən oğullarımızın qanı, canı bahasına qazanılan müstəqilliyimiz əbədidir. Bu azadlığı bizə Ulu Öndərimiz bəxş etdi və düz 23 ildir ki, Azərbaycan xalqı bu müstəqilliyi qoruyub saxlayır. Sonra məruzəçi 23 ildə Müstəqil Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən, lider dövlətlər sırasına çıxmasından danışmışdır.
Tədbirdə YAP rayon təşkilatı aparatında təlimatçı işləyən Surxay Vəliyev, rayon təhsil şöbəsinin metodisti Rahil Şəldiyev, rayon mədəniyyət və turizm şöbəsinin metodisti Zəminə Kazımova çıxış edərək Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin dövlətimizin inkişafı üçün yeritdiyi daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini bildirərək, ona öz minnətdarlıqlarını bildirmişlər.