Rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Azadqaraqoyunlu kəndində keçirilmişdir
Tərtər rayonunda icra hakimiyyəti başçısının səyyar qəbul-görüşlər keçirilməsi artıq ənənə halını almışdır. Rayon rəhbəri M.Məmmədovun bu iş üsulu sakinlər tərəfindən rəğbətlə qarşılanır və yaxşı səmərə verir. Belə səyyar qəbul-görüşlərdən biri də okryabrın 14-də rayonun Azadqaraqoyunlu kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədirləri, KİV-nin nümayəndələri iştirak etmişlər.
Görüşdə kənd sakinlərindən Firuz Əliyev, Namiq Rəcəbov, Camal Hacıyev, Vaqif Əliyev, Rövşən Quluyev, Abbas Əliyev, Bəxtiyar Məmmədov, Həcər Fərzəliyeva və başqaları çıxış edərək kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söhbət açmış, arzu və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, kənddə aparılan abadlıq-quruculuq işləri, kəndin yolunun daxili imkanlar hesabına təmir olunması, kənd sakinlərinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün yeni subartezian quyularının qazılıb istifadəyə verilməsi, müasir EATS-in tikilməsi və kəndin sürətli internetlə təmin olunması dövlətimiz tərəfindən sakinlərə göstərilən qayğının bariz nümunəsidir. Sakinlər kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə, Azadqaraqoyunlu kənd tam orta məktəbinin və körpələr evi-uşaq bağçasının əsaslı təmir olunmasına ehtiyac olduğunu bildirmişlər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün onun siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açmış, Tərtər rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən proqramların əhəmiyyəti, rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, rayonda həyata keçirilən tikinti-abadlıq və quruculuq sahəsində işlər bundan sonra da davam etdiriləcəkdir.
Rayon rəhbəri sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası ilə əlaqədar müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar vermişdir. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.