Dəyirmi masa keçirilmişdir
Sentyabrın 30-da “Milli Qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda rayon gənclər mərkəzində dəyirmi masa keçirilmişdir. “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin rəhbər işçiləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, gənclər təşkilatlarının, yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri Tərtər rayon İcra Hakimiyyətinin başçısının müavini Elvin Umudov açmışdır. Sonra layihənin kordinatoru, “RUH” Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov mövzu ilə bağlı ətiraflı məlumat vermişdir. Bildirmişdir ki, «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 1992-ci ildə yaradılıb, həmin il Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınıb.
Qurumun əsas missiyası jurnalistlərin hüquqlarını qorumaqdan, onlara qarşı hüquq pozuntusu hallarının aradan qaldırılması üçün tədbirlər görməkdən, ölkədə söz və mətbuat azadlığı ilə bağlı tendensiyaları izləməkdən və bu barədə cəmiyyəti məlumatlandırmaqdan ibarətdir.
«RUH» AJMK beynəlxalq səviyyədə tanınan və qəbul edilən jurnalist təşkilatlarındandır. Qurum Beynəlxalq Media İnstitutu, Jurnalistlərin Beynəlxalq Müdafiəsi Komitəsi ilə sıx əməkdaşlıq edir. «RUH» AJMK həmçinin Söz Azadlığının Müdafiəsi Koalisiyasının fəal üzvü kimi bir sıra xarici media qurumları ilə yaxın münasibətlər saxlayır, onların xətti ilə düzənlənən beynəlxalq konfrans və simpoziumların fəal iştirakçısı olur.
Natiq sonra qeyd etmişdir ki, 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatı xalqımızın ümummilli lideri Heydər Əliyevə təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2010 və 2013-cü illərdə bu mükafatın qalibinin müəyyənləşdirilməsi üçün keçirilən sorğunun qalibi olub. «Jurnalistlərin dostu» dövlət başçısına mükafatın təqdimatı ilə bağlı keçirilən mərasimlərdə təqdim olunub. Həmin təqdimatlar Prezidentin media nümayəndələri ilə görüşü kimi də yadda qalıb. Görüşlərdə Azərbaycan mediasının bu günü və sabahı ilə bağlı dəyərli müzakirələr aparılıb, dövlət başçısının verdiyi tapşırıqlar ölkədə aparılan media siyasətinin vacib tərkib hissəsi olaraq həyata keçirilib. Mövcud kurs davam etdirilməkdədir.
Layihənin eksperti, jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilməkdə olan layihə 2014-cü ilin iyul-dekabr aylarını əhatə edir. Natiq qeyd etmişdir ki, cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyac olubdur. Elə buna görə də mövcud prosesdə mediyanın üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan mediya peşəkarlığının aspektlərinə nəzər salıb, müxtəlif situasiyualar təhlil olunub.
“Dəyirmi masa”da həmçinin bildirilmişdir ki, bu ilin avqustunda erməni silahlı birləşmələri tərəfindən atəşkəsin pozulması nəticəsində yaranmış gərginlik mediyaya da öz təsirini göstərdi. Belə ki, bəzi kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan məlumatları yaydılar. Nəticə etibarı ilə cəmiyyətdə müəyyən çaşqınlıq yarandı. Bütün bunların qarşısını almaq Azərbaycan dövlətilə yanaşı, mütərəqqi ictimayyətin qarşısında duran vəzifə olaraq aktuallaşdı. Müxtəlif tədbirlər reallaşdırıldı, təbliğat işləri aparıldı. Lakin mövcud istiqamətdəki ən böyük addım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən gəldi. Dövlət başçısı bir neçə gün öncə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə Ermənistan Respublikasının Silahlı qüvvələrinin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncam imzaladı. Həmin sənətdən irəli gələrək görüləcək işlər mediyanın cəmiyyət qarşısındakı məsuliyyət yükünün də artırılmasına yönəlib.
Açıq diskusiya şəraitində keçən “dəyirmi masa”da Tərtər rayon qəzetinin redaktoru Tofiq Yusif, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Suliddin Yusibov, Qarabağ müharibəsi əlili, Vətən Müharibəsi Veteranları Birliyinin sədri, Azərbaycan Bayrağı ordenli Nizami Heydərov, Tərtər rayon Əhalinin Sosial Müdafiəsi mərkəzinin direktoru Vüsal Əzizov, Zülfiyyə Əlizadə çıxış etdilər.
Sonda tədbiri Əvəz Rüstəmov yekunlaşdırdı. Tədbirin yüksək səviyyədə keçirilməsinə görə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova dərin minnətdarlığını bildirdi.