Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunun təmas xəttinə yaxın yerləşən Dəmirçilər kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir

23 sentyabr 2014 | 15:00

Problemləri yerində öyrənmək, əhalini narahat edən məsələləri onların dilindən eşitmək olduqca səmərəli bir iş üsuludur. Bu, problemi dərindən və ətraflı öyrənməyə, həm də onun operativ, yerindəcə həll olunmasına kömək edir.

Tərtər rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fəaliyyətə başladığı ilk gündən şəhər və kəndlərdə əhali ilə səyyar qəbul-görüşlər keçirir. Keçirilən qəbul-görüşlərdə əhalini narahat edən problem və qayğılar dərindən öyrənilir, onların həlli istiqamətində elə yerindəcə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verir. Belə görüşlərdən biri də sentyabrın 23-də rayonun təmas xəttinə yaxın yerləşən Dəmirçilər kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədirləri, KİV-nin nümayəndələri iştirak etmişlər.

Görüş iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoymuş, xatirələrini yad etmişlər.

Görüşdə kənd sakinlərindən Fazil Rəhimov, Əjdər Həsənov, Novruz Abbasov, Dilşad Paşayeva, Cavad Əliyev, Əyyub Hüseynov, Məhəmməd Quluyev, Rəhman Tahirov, Şəlalə Cəfərova, Sarabəyim Rzayeva,  Adilə Məmmədova, Asif Alışanov, Həmdəm Hacıyev və başqaları çıxış edərək kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açaraq, arzu və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, kənddə aparılan abadlıq-quruculuq işləri, 13 km uzunluğu olan 5 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolunun çəkilməsi, 3 km-ə yaxın uzunluğu olan müasir gecə işıqlandırma sistemlərin quraşdırılması, müasir EATS-in tikintisinin və rabitə xətlərinin çəkilişinin yaxın günlərdə başa çatacağı, kənd sakinlərinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün yeni subartezian quyularının qazılıb istifadəyə verilməsi dövlətimiz tərəfindən sakinlərə göstərilən qayğının bariz nümunəsidir. Səyyar göüş-qəbulda çıxış edən kənd sakinləri kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə, Dəmirçilər kənd tam orta məktəbinin əsaslı təmir olunmasına  ehtiyac olduğunu bildirmişlər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün onun siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini bildirmiş və regionların sürətli sosial-iqtisadi inkişafından söz açmışdır. İcra başçısı daha sonra Tərtər rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən proqramların əhəmiyyəti, rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, rayonda həyata keçirilən tikinti-abadlıq və quruculuq sahəsində işlər bundan sonra da davam etdiriləcəkdir.

Rayon rəhbəri sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası ilə əlaqədar müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar vermişdir. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
 

Keçidlər