Yas mərasimləri dəbdəbəli keçirilməməlidir
Rayon ağsaqqallarının növbəti yığıncağında yas mərasimlərində yol verilən israfçılıqdan, az qala toy məclisini xatırladan ehsan süfrələrindən söhbət açılmış, din xadimlərinin bu kimi dəbdəbələrdən uzaq, sadə yas məclislərinin keçirilməsi təklifi böyük hörmətlə qarşılanmışdır. Rayonumuzun ağsaqqalları yas məclislərinin kasıb və varlılar üçün eyni səviyyədə keçirilməsi, yas süfrələrində çay, halva, xurma olması ilə kifayətlənməyi məsləhət bildilər. Bir-birinin bəhsinə açılan ehsan süfrələrinin sonda bir ailənin faciəsinə səbəb olduğunu qeyd etdilər.
Ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, şura üzvləri Rauf Həsənzadə, İlyas Quluyev çıxış edərək bildirdilər ki, yası düşən insanlar borc axtarmalı deyil, hamı eyni qaydada, eyni tərzdə süfrə açmalıdır ki, yas mərasimini sıxıntı keçirmədən, dərdinin üstünə dərd gətirmədən yola versin, ağsaqqallar isə bütün bunların təbliğatçısı olmalıdır, milli-mənəvi dəyərlərimizin, mərasimlərimizin adət-ənənəmizə uyğun, israfçılığa yol vermədən keçirilməsini diqqətdə saxlamaq hər birimizin mənəvi borcudur.
Tədbirdə rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizovada iştirak etmişdir.