Milli-mənəvi dəyərlərimizi qoruyaq! Yas mərasimlərində israfçılığın və təmtarağın qarşısı alınmalıdır
Milli mənəvi dəyərlərimizdən olan yas mərasimlərində dini-əxlaqi və islami tələblərin rayonumuzda yerinə yetirilməsi vəziyyəti ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir.
Tədbirdə aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının , idarə, müəssisə və təşkilatların rəhbərləri, dini icmanın üzvləri, İƏD-lər üzrə nümayəndələr, ictimayyətin digər təmsilçiləri və media mənsubları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov qeyd etmişdir ki, Azərbaycan xalqı öz mentalitetinə uyğun olaraq milli-mənəvi dəyərlərinə həmişə uca hörmət bəsləmiş və onları qoruyub saxlamışdır. Lakin rayonumuzda son zamanlar dini-əxlaqi və islami dəyərlərin ziddinə olaraq yas mərasimləri böyük təmtəraqla təşkil olunur, ehsan süfrələrinə müxtəlif xörəklər, mənşəyi bilinməyən şirələr və sular, geni modifkasiya olunmuş meyvələr, cürbəcür şirniyatlar və sair düzülür. İmkanlı adamlar təmtaraqlı yas mərasimləri təşkil edirlər. Onlara baxıb aztəminatlı ailələr də bu sayaq yas mərasimləri təşkil etmək üçün ya kimdənsə pul borc alır, ya sələmə girir, ya da banklardan kredit götürürlər. Nəticədə isə həmin ailələr borclarını qaytara bilmir, çox ciddi mənəvi sıxıntı və maddi çətinliklə üzləşirlər. Əlbəttə, hər iki halda təşkil olunan ehsan Tanrı dərgahında qəbul olunmazdır və şəriət qayda-qanunlarına uyğun deyil.
Digər tərəfdən, doğması vəfat etmiş adam bilmir ki, dəfn mərasimi ilə məşğul olsun, yoxsa ehsan üçün mal-heyvan axtarsın, bazara, mağazaya getsin. Bu gərginlik və izafı xərclər yas yerinin “üçü”, “yeddisi”, “cümə axşamları”, və “qırxı”nadək davam edir.
Biz tarixi keçmişimizi və islami dəyərlərimizi unutmamalı, “Qurani-Kərim”in və müqəddəslərimizin buyurduqlarına əməl etməliyik. Yəni dini mənbələrimizdə göstərildiyi kimi, yas mərasimləri əslində 3 gündən artıq davam etməməli, ehsan süfrələri isə sadə və hamının gücü çatan tərzdə olmalıdır. Yəni ehsan üçün, bizim fikirimizcə, halva, xurma və çay kifayət edər. Bunun üçün hər birimiz insanlar arasında maariflənmə işi aparmalı və əvvəlcə özümüzdən başlamalıyıq.
Mövzu ətrafında çıxışlar oldu. Dini icma sədri, Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov, Səhləbad kəndinin sakini, şəhid ailəsinin üzvü İman Almuradov, Ələsgərli bələdiyyəsinin sədri Məhəmməd Şirinov, Qaraağacı İƏD-si üzrə nümayəndə Zakir Əliyev, Hüsənli kəndinin mollası Seyid Yusif, rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, polis şöbəsinin rəisi Rauf Məcidov, MTN Tərtər Rayon Şöbəsinin rəisi Anar Məmmədov çıxış edərək yas mərasimlərində israfçılığın qarşısının alınması, təmtəraqlı ehsan süfrələrinin sadələşdirilməsi, məclisin yalnız 3 gün davam etməsi məqsədi ilə əhali arasında maariflənmə və izahat işlərinin aparılmasının vacifliyindən danışdılar.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırdı.