Tərtərdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Respublika konfransı keçirilib
Tərtər rayonunda Ulu Öndərin 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.
Aprelin 23-də Tərtər Rayon İcra Hakimiyyəti Bakı Dövlət Universitetinin Kitabxanaçılıq –İnformasiya fakultəsinin, kitabşünaslıq və nəşriyyat işi kafedrası ilə birlikdə Ümummilli liderin 99-cu ildönümünə həsr olunmuş konfrans keçirib.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev fondunun inşa etdiyi Düyərli kənd tam orta məktəbində olub, məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüblər. Sonra məktəbdə “Ulu Öndər Heydər Əliyev tariximizin bütün dövrlərinin dahisidir” mövzusunda mühazirə oxunub.
Konfrans başlamazdan öncə iştirakçılar şəhərin girişində şəhidlər abidə kompleksini və mərkəzi meydanda ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edərək hər iki abidə önünə gül-çiçək dəstələri düzüb, xatirələrini böyük ehtiramla yad ediblər.
Sonra rayon icra hakimiyyətinin kitabxanasına baxış keçirib, akt zalına toplanıblar. Düyərli kənd tam orta məktəbinin şagirdləri Ulu Öndərə aid şeirlər söyləyiblər.
Konfrası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları və konfrans iştirakçılarını salamlayaraq konfransa öz işində uğurlar diləyib. Rayon rəhbəri ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycan Milli Kitabxanası Ümummilli Liderin hakimiyyəti illərində öz inkişafının yüksək pilləsinə qədəm qoyub. 1996-cı ildə “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bütün bunlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına ciddi təkan verib.
M.Məmmədov Ulu Öndərin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik və zəka mənbəyidir” sözlərini xatırladaraq qeyd edib ki, dahi rəhbərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğı sayəsində ölkədə kitabxanaçılıq inkişaf etdirilir, kitabxanaların maddi-texniki bazası yaxşılaşdırılır, kitab fondu latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirilir.
Sonra Bakı Dövlət Universitetinin Kitabxanaçılıq – İnformasiya fakültəsinin dekanı, fəlsəfə doktoru dosent Ələmdar Cabbarlı çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın mədəniyyətinin, elm və təhsilinin inkişafında misilsiz xidmətlərindən, kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinə, bu sahədə kadr hazırlığına diqqət və qayğıdan danışıb.
Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, kafedranın dosenti Rasim Süleymanov “Ulu Öndər Heydər Əliyev və Türk Dünyası” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransda iştirak edən AMEA-nın “Akademkitab” Birliyinin Baş direktoru Əliağa Cəfərov da öz ürək sözlərini bildirib.
Sonda konfrans iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.