Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda Şəhid Müşviq Abbasovun xatirəsinə həsr edilmiş film tamaşaçılara təqdim edilib

16 aprel 2022 | 16:00

Təqdimatdan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Şəhidin ailə üzvlərini və filmin yaradıcı heyyətini qəbul etdi. Şəhidin ailəsinin qayğıları ilə maraqlandı, filmin yaradıcı heyyətinə uğurlar arzuladı.

Sonra Tərtər rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində filmin təqdimat mərasimi keçirildi. Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi  Elşən Abdullayev, Şəhidin ailə üzvləri, Şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Təqdimatdan öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər diqqətə çatdırıb ki, "Urfansoy Film" şirkəti tərəfindən ərsəyə gələn "Onun müqəddəs arzuları" adlı ekran əsəri birinci Qarabağ və Vətən müharibəsi zamanı aparılan hərbi əməliyyatlarda iştirak etmiş Müşviq Abbasovun döyüş yolundan bəhs edir.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Şəhidlə bağlı olan xatirələrindən, tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq.

Mərasimin sonunda Şəhid Müşviq Abbasovun anası Luminə Abbasova, şəhid Nitac İsgəndərovun Atası Bəhruz İsgəndərov çıxış edərək dövlətimiz tərəfində Şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışıb, onlara göstərilən qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Tamaşaçıların marağına səbəb olan filmin nümayişindən sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov filmin yaradıcı heyyətinə xatirə hədyəsi təqdim edib.

Sonda xatirə şəkili çəkilib.

 

Keçidlər