Şriftin ölçüsü :

Saytın rəngi :

19 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatlarında şəhid olan tərtərli hərbçilərin ailələri ilə görüş keçirilib

20 sentyabr 2024 | 17:56

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov və aidiyyəti şəxslərlə birlikdə  19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan 6 nəfər tərtərli şəhidin- Tərtər rayon Səhləbad kənd sakini, 3-cü dərəcəli “Rəşadət” ordenli Lalayev Ruslan Akif oğlunun, Tərtər rayonu Çardaqlı kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Ağayev Kənan Vahid oğlunun, Tərtər rayon Evoğlu kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Vəlizadə Rəşad Elşən oğlunun, Tərtər rayon Kəngərli kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Abbaszadə Emin Faiq oğlunun, Tərtər rayon, Seydimli kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Səfərov Cavid Rövşən oğlunun, Tərtər rayon Qaradağlı kənd sakini, 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordenli İbrahimov Elnur Səxavət oğlunun ailələri ilə görüşüb.

44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterror əməliyyatından danışan icra başçısı torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərə Ulu Tanrıdan rəhmət diləyərək, şəhid ailələrinə səbr, dözüm arzulayıb.

Rayon rəhbəri bildirib ki, xalqımız tarixinin ən mühüm və qürurlu səhifələrindən birinin - ötən il 19-20 sentyabr tarixində Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində qazanılan əzəmətli Qələbənin ildönümünü sevinc və coşqu ilə qeyd edir. Bu əməliyyat qızıl hərflərlə Azərbaycanın qəhrəmanlıq salnaməsinə həkk olunmuş böyük Zəfər yolunun Xankəndi zirvəsidir.

Rəşadətli və təcrübəli əsgər və zabitlərimizə bu əməliyyatı da uğurla yekunlaşdırmaq üçün elə də çox vaxt lazım olmadı, cəmi 24 saatdan az müddətdə düşmənin dizini yerə qoydu və təslim olmağa məcbur etdi. Separatizmin başında duranlar, vaxtı ilə Azərbaycana hədə gələnlər saxlanılaraq əli qandallı Bakıya gətirildilər. Bu əməliyyat da Ali Baş Komandan İlham Əliyevin ali sərkərdəlik keyfiyyətlərini, Azərbaycan Ordusunun gücünü, peşəkar səviyyəsini, qələbə əzmini bütün dünyaya göstərdi.

Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Rayon rəhbəri respubluka prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi, eyni tarixli digər sərəncamı ilə “20 sentyabr–Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”nün təsis edildiyini bildirərək, ölkə rəhbərinin bu qürurverici günlərdə işğaldan azad edilmiş ərazilərdə-mədəniyyət mərkəzimiz olan Şuşada Bayraq Meydanının açılışında, Üzeyir Hacıbəyovun təmirdən sonra ev muzeyində, Xankəndində Qarabağ Universitetində, tələbə yataqxanasında, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti abadlıq işləri ilə tanış  olmasından da danışıb.

Görüşdə rayon rəhbəri antiterror əməliyyatlarında şəhid olan hərbçilərin ailələrinin qayğı və problemləri ilə maraqlanıb, onlara maddi yardım göstərilib.

Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər