Rayon rəhbəri işsiz, ali təhsilli gənclərlə görüş keçirmişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov ali təhsil alan, lakin heç bir yerdə işləməyən tərtərli gənclərlə görüş keçirmişdir. Görüşdə məlum olmuşdur ki, rayonumuzda müasir dövrümüzdə ən gərəkli peşə sahibləri olan onlarca gənc bu günə qədər öz yerini tapa bilməmişdir. Səbəb isə onların rayonun idarə və müəssisələrində olan boş iş yerləri barədə kifayət qədər məlumatlı olmaması, dövlət qulluğuna, təhsil, səhiyyə sahələrinə işə qəbulun qayda-qanunlarını bilmədikləridir.
Görüşə gələnlərin əksəriyyəti Gəncə Aqrar Unversitetinin, Pedaqoji Unversitetlərin məzunları idi. Onların aralarında hərbçi də vardır, hətta doktorantura təhsili olanı da. Bir sözlə bu qeyri-adi tədbirdə bir daha məlum oldu ki, rayonumuzun güclü, savadlı kadr potensialı var. Bu potensialdan bacarıqla istifadə edilməsi məqsədi ilə görüşdə gənclərə lazimi məsləhətlər verildi, istiqamət göstərildi.
Tədbirdə həmçinin MTN-nin Tərtər rayon Şöbəsinin rəisi Anar Əzizov və rayonun ayrı-ayrı idarə və müəssisələrinin rəhbərləri də iştirak edirdilər. İdarə müdirləri vakant iş yerləri haqqında məlumat verdilər, ixtisasları uyğun gələn gənc mütəxəssislərlə maraqlandılar.
Gənclərdən Günay Novruzova, Rəvan Həsənov, Nicat Qurbanov və başqaları görüşdən məmnun qaldıqlarını bildirdilər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırdı.