Vətən müharibəsi şəhidi Cəfərov Təbriz İlqar oğlunun il mərasimi keçirilib
Bərdə şəhərində keçirilən il mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon Təşkilatının, ağsaqqallar şurasının sədrləri, şəhidlərin ailə üzvləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Cəfərov Təbriz 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda dünyaya göz açmışdır. Əslən Tərtər rayonun Çardaqlı kəndindəndir.
Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Şəhidin nəşi 2021-ci ilin aprel ayının 6-da tapılaraq Bərdə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Təbriz Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" , “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.