Tərtər rayonunda şəhid adlarının əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir
Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur.
Tərtər rayonunda da torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Görülən işlərin davamı olaraq Tərtər şəhər 1 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidləri Qubad Hacıyevin və Fərrux Həşimovun adlarına sinif otaqları verilib. Artıq bu gündən 7 A sinifi şəhid Qubad Hacıyevin və 4 A sinfi şəhid Fərrux Həşimovun adını daşıyacaqdır. Sinif otaqlarının qapısı üzərində şəhidlərin adı yazılmış lövhələr yerləşdirilib, həyat və döyüş fəaliyyətlərini əks etdirən guşə yaradılıb.
Məktəbdə şəhidlərin xatirəsinə həsr edilən tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdən sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əslən Qubadlı rayonundan olan, hazırda Sumqayıt şəhərində yaşayan Vətən Müharibəsi Şəhidi Fərrux Həşimovun valdeynləri, rayonumuzdan olan şəhid ailələri və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimovun qəhrəmanlığından danışıb. Tərtər rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olanların adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsini daim yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək, problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin xüsusi diqqətdə saxlanıldığını bildirib.
Şəhid ailələri və qazilər rayon rəhbəri ilə görüşdən razılıqlarını ifadə edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.