Novruz Bayramı münasibətilə Tərtərdə ümumrayon şənliyi keçirilib
Xalqımızın ən əziz bayramlarından olan Novruz Tərtər rayonunda böyük coşqu ilə qeyd olunur. Tərtərlilər baharın gəlişini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar.
Novruz bayramı münasibətilə Mərkəzi Meydanda təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzüblər.
Sonra rayon rəhbəri Şəhid Xəyal Aslanovun atası Qüdrət Aslanov və qazi Amid Paşayevlə birlikdə bayram tonqalını alovlandırıblar.
Tədbir iştirakçıları bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar. Bayram şənliyində milli adət və ənənələrimiz nümayiş etdirilib, Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların çıxışları maraqla qarşılanıb. Dədə Qorqudla Bahar qızı şənlik iştirakçılarına xoş arzularını çatdırıb, elimizə, obamıza sülh, əmin-amanlıq diləyiblər.
Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri bayram münasibətilə təbrik edərək, onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb. Bildirib ki, ölkəmizdə Novruz bayramı artıq daha coşqu ilə, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın başını uca edib. 30 il işğal altında olan dədə-baba yurdlarımızda indi bayram tonqalları qalanır. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində Vətənimizin ərazi bütövlüyü təmin olunub.
Milli Məclisin deputatı Sahib Alıyev şıxış edərək tərtərlilərə təbrikini çatdırıb, Novruz bayramının xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib. Qeyd edib ki, Novruz qədər zəngin ənənəyə malik ikinci bir bayram təsəvvür etmək çətindir.
Tədbir rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı davam etdirilib.