Rayon icra hakimiyyəti başçısının təmas xəttində yerləşən Həsənqaya kəndində səyyar qəbul-görüşü oldu və yeni qazılmış subartezian quyusu istifadəyə verildi
Rayonun düşmənlə təmas xəttində yerləşən Həsənqaya kəndində yeni subartezian quyusunun açılışı olmuşdur. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, “Beynəlxalq Qızıl Xaç” komitəsinin nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Həsənqaya kənd İƏD-si üzrə nümayəndə İlqar Həsənov düşmənlə üzbəüz təmas xəttində yerləşən kənddə dövlətimiz tərəfindən insanlara göstərilən diqqət və qayğıdan, qeyri-hökumət təşkilatları tərəfindən kəndin sosial problemlərinin həll edilməsi üçün həyata keçirilən layihələrdən danışdı. İ.Həsənov qeyd etdi ki, bu gün açılışına toplaşdığımız subartezian quyusu “Beynəlxalq Qızıl Xaç” komitəsinin xətti ilə sakinlərin istifadəsinə verilir. Sonra kənd ağsaqqalı Papır Əliyev, sakinlərdən Natiq Həsənov çıxış edərək məcburi köçkünlərin adından onlara göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə , “Beynəlxalq Qızıl Xaç” komitəsinə minnətdarlıqlarını bildirdilər.
“Beynəlxalq Qızıl Xaç” komitəsinin nümayəndəsi Nikola Sander kənd sakinlərini salamlayaraq kəndin su probleminin həlli üçün komitənin həyata keçirdiyi layihədən danışdı və bildirdi ki, istifadəyə verilən bu subartezian kənd sakinlərinin içməli suya olan təlabatını ödəməklə yanaşı 40 hektar əkin sahəsinin də suvarılmasına xidmət edəcəkdir.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırdı və subartezian quyusunun açılışı oldu.
Sonra rayon rəhbərinin kənd sakinləri ilə səyyar görüş-qəbulu oldu. O, təmas xəttində olan insanların problem və qayğıları ilə maraqlandı. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.