Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Novruz bayramı münasibəti ilə tərtərlilərə təbriki:
Əziz tərtərlilər, Sizi Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, xoşbəxtlik, süfrələrinizə bol ruzi, bərəkət arzulayıram.
Novruz bayramı əsrlərin sınağından çıxmış, ta bu günədək gəlib çatmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Milli Bayramımızdır. Xalqımız min illərdir ki, Novruzun gəlişini bayram edir.
44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm Qələbə-Zəfər günü Müstəqil Azərbaycanımıza əbədi bir bahar gətirib. Bu baharı bizə gətirən şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyir, şəhid analarının qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq. Uzun illərdən sonra soydaşlarımız doğulub-böyüdükləri torpaqları ziyarət edə bildi. Doğma Qarabağımıza-Şuşaya, Ağdama, Cəbrayıla və digər işğaldan azad olunmuş torpaqlara marşurutlar açıldı. İşğaldan azad edilmiş torpaqlarımızda qalanan bayram tonqalları neçə illik yurd həsrətimizə, nisgilimizə son qoydu, qəlblərdəki doğma yurd həsrətinin buzlarını əritdi, bir daha düşmənə mənəvi zərbə vurdu, şəhidlərimizin ruhu şad oldu.
Qoy bir daha çatılan tonqallarımız sönməsin!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci vitse-Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə işğaldan azad edilmiş torpaqlarımızda, şəhər və rayonlarımızda nəhəng quruculuq işləri başlanıb. Ağıllı kəndlər salınır, şəhərlər bərpa edilir. Novruz bayramı xalqımıza sevinc, bol ruzi, bərəkət gətirəcək. Yazın ilıq nəfəsi ilə yad nəfəsdən solan xarıbülbülümüz yenidən çiçək açır.
İnanırıq ki, biz Ali Baş Komandanımız cənab İlham Əliyevlə birlikdə doğma Qarabağımızı yenidən dirçəldəcək, onu bir gülüstana çevirəcəyik.
Bir daha Sizləri Novruz bayramı münasibəti ilə təbrik edir, Sizə ən xoş arzularımı çatdırır, şəhid anaları qarşısında baş əyirik!
Bayramınız mübarək!