Azərbaycan əsilli, dünya şöhrətli fransız fotoqraf Rza Diqqəti (Reza Deqati) Tərtər rayonunda səfərdə olub
Novruz bayramı ərəfəsində Tərtər rayonunda səfərdə olan Azərbaycan əsilli, dünya şöhrətli fransız fotoqraf Rza Diqqəti (Reza Deqati) Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla görüşüb. Görüşdə icra başçısı qonağa 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyan və onun aradan qaldırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.
Bildirib ki, 44 günlük Vətən müharibəsində erməni hərbi birləşmələri tərəfindən Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, İlk peşə ixtisas məktəbinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə və kənd tibb məntəqələrinə, 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib. Vətəndaşlara məxsus 161 iribuynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tamamilə dağılıb.
Görüşdə dünya şöhrətli fransız fotoqraf Rza Diqqətinin Vətən Müharibəsi dövründə 3 dəfə Tərtər rayonunda səfərdə olduğu bildirilib və həmin günlər bir daha xatırlanıb.
Azərbaycan əsilli, dünya şöhrətli fransız fotoqraf Rza Diqqəti səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə təşəkkürünü bildirib.