Novruz bayramı ərəfəsində Kovdadıq kəndində modul tipli yeni məktəb binası istifadəyə verilib
Novruz bayramı ərəfəsində Tərtər rayonunun Kovdadıq kəndində 20 şagird yerlik yeni modul tipli məktəb şagirdlərin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllim və şagirdləri, valideynləri Novruz bayramı və yeni məktəbin istifadəyə verilməsi münasibəti ilə təbrik edib, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə bu ənənə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.
İcra başçısı 44 günlük Vətən Müharibəsində rayonun infrastrukturuna güclü ziyan dəydiyini dilə gətirib, 16 məktəbin binasının müharibədən zərər çəkdiyini bildirib. Qeyd olunub ki, hazırda müharibədən ziyan çəkmiş məktəb binaları ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən təmir olunaraq məktəblilərin istifadəsinə verilib.
Bildirilib ki, Kovdadıq kəndində tikilən yeni modul tipli məktəb Respublika prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına inşa olunub. Məktəbdə 5 sinif otağı, məllimlər otağı, istilik sistemi, sanitar qovşaq quraşdırılıb. Sonra icra başçısı modul tipli məktəblərin üstünlüyündən danışıb, onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasını qeyd edib. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə olunduğunu bildirib.
İcra başçısı hazırda Xoruzlu kəndində 432 şagird yerlik yeni məktəb binasının tikintisinin aparıldığını, 360 şagird yerlik şəhər 5 saylı tam orta məktəbin isə yaxın vaxtlarda tikintisinə başlanılacağını bildirib.
Tədbirdə çıxış edən Kovdadıq kənd İbtidai məktəbin direktoru Lalə Səfərova, valideyn Afiq Rəhimli və başqaları yeni modul tipli məktəbin istifadəyə verilməsinin valideynlərin, şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayıb, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları məktəbdin yeni binasında təlim və tədrisin yüksək səviyyədə aparılması üçün yaradılan şəraitlə tanış olublar.