Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınlara Təbriki:
Hörmətli Qadınlar! Əziz tərtərli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, Sizə uzun ömür, cansağlığı, səadət, xoşbəxtlik və gələcək işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.
Azərbaycan qadını milli-mədəni dəyərlərimizi, adət-ənənələrimizi yaşadan, nəsildən-nəsilə ötürən etibarlı mənəvi dayağımızdır.
Ulu Öndər qadınlar haqqında belə deyirdi: “Cəmiyyətimizdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
Bu gün Azərbaycan qadını həyatımızın bütün sahələrində təmsil olunur, öz sözünü deyir, müstəqil dövlətimizin inkişafında iştirak edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti buna bariz nümunədir.
Uzun illər tərtərli qadınlar müharibə ağrı-acısını öz zərif çiyinlərində daşıyıblar. Onlar Azərbaycan qadınının bütün müsbət keyfiyyətlərini özlərində cəmləşdiriblər, səbr, təmkin, dözüm nümayiş etdiriblər, müharibəyə vətənpərvər oğullar yola salıblar. Azərbaycan qadınının böyütdüyü bu oğullar Ali Baş Komandanının rəhbərliyi altında düşməndən qisas alıb, bizə Zəfər gününü yaşadıb.
Şəhid anaları bizim baş tacımızdır. Onlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə tam əhatə olunublar.
Mən şəhid analarının qarşısında baş əyir, onların da bayramını təbrik edirəm. Bildirmək istəyirəm ki, onların nisgili, dərdi hamımızındır, onlar heç vaxt tək deyillər. Onların arxasında dövlətimiz, xalqımız dayanıb.
Əziz xanımlar!
Azərbaycan qadını müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsinə, vətənimizin yüksəlişinin təmin olunmasına yenə də öz layiqli tövhələrini verməkdə davam edir. İnanırıq ki, onlar vətənpərvər gənclərin yetişdirilməsinə, ictimai-mənəvi mühitimizin zənginləşməsinə, milli-mənəvi dəyərlərimizin qorunub nəsildən-nəsilə ötürülməsinə öz layiqli tövhələrini verəcəklər.
Əziz Qadınlar!
Bir daha Sizi təbrik edirəm! Bayramınız mübarək!