Tərtər şəhərinin küçələri əsaslı təmir olunur
2022-ci ilin ilk ayından başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Şəhərin Əli İsmayılov küçəsinin əsaslı təmiri və Mübariz İbrahimov küçəsində asfaltlanma işləri başa çatıb. Mehdi Hüseynzadə və Şıxəli Qurbanov küçələrində isə səkinin kənarlarında yeni yaşıllıq zolaqları yaradılır, təkgöz, müxtəlif dekorativ gül kolları və ağaclar əkilir.
Hazırda isə Teymur Rəhimov və Molla Pənah Vaqif küçələri əsaslı təmir olunur. Hər iki küçədə istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir.
Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, küçədə təmizlik işləri aparılır.
Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov küçədə görülən işlərlə tanış olub.
Küçənin sakinləri görülən işlərdən razılıq edirlər. Rəşad Kərimov, Xosrov Həşimov, İlyas Baxışov və başqaları göstərilən diqqət və qayğıya, küçədə aparılan əsaslı təmir işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.