Tərtərlilər öz təkliflərini irəli sürmüşlər
Tərtər rayon Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyevlə rayon ağsaqqallarının, gənclərin və sahibkarların görüşü keçirilmişdir.
Görüşdə iştirak edən R.Əliyev tərtərlilərin rayonun sosial-iqtisadi inkişafı ilə bağlı problemləri və təklifləri ilə maraqlanmış, rayonun sakinləri maraqlı təkliflərlə çıxış etmişlər.
Tədbir iştirakçıları tərəfindən əsasən rayonun mövcud su problemi, işsizlik probleminin aradan qaldırılması üçün elektromexanika zavodunun və şirə zavodunun yenidən istifadəyə verilməsi, şəhərin mərkəzində ağsaqqallar parkının salınması, şəhərin kanalizasiya sisteminin yenidən qurulması, heyvandarlıqda yerli cinslərin təkmilləşdirilməsi, qəzalı vəziyyətdə olan işıq dirəklərinin dəyişdirilməsi, külək əsən zaman işıqların tez-tez sönməsi, şəhərin abadlışdırılması zamanı memarlıq üslubunun qorunması, rayonun mövcud turizm potensialından istifadə edilməsi, yeni subartezian quyularının vurulması, rayonda müasir kitab evinin tikilməsi, ictimai nəqiliyyatda müasir avtobuslardan istifadə edilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin şərtlərinin asanlaşdırılması kimi təkliflər irəli sürmüşlər.
Ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev tərtərlilər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə cəbhə bölgəsinin sakinlərinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.