Tərtərdə Xocalı faciəsinin qurbanları ehtiramla yad edilib
Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Tərtər şəhərində şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət ediblər. Faciə qurbanlarının və eləcə də müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub, abidə önünə gül dəstələri düzülüb.
Sonra uşaqların faciəyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən hər bir eksponatda, hər bir şəkildə xocalıların fəryadı, harayı əks olunub. Uşaqların rəsmlərində faciə ilə bərabər Qələbə ruhu da əksini tapıb.
Tədbirdə qeyd olunub ki, bu gün Xocalı qurbanların yarımçıq qalmış arzuları gerçəkləşib, torpaqlarmız işğaldan azad edilib. Böyük Qələbəmizdən sonra indi şəhidlərimizin ruhu rahatlıq tapıb. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin, rəhbərliyi altında Azərbaycan Ordusu onların intiqamını alıb.