Tərtərdə "Xocalı faciəsi"nin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
22 fevral 2022-ci il tarixdə Gənclər mərkəzində, "Xocalı faciəsi"nin 30-cu ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı faciəsi şagirdlərin gözü ilə” adlı rəsm müsabiqəsi keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəvan Həsənov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Rayon Təhsil şöbəsinin nümayəndəsi Mahir Qurbanov və 37 məktəbin şagirdi iştirak etmişdir.
Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Sonra Emin Pənahov çıxış edərək tarix boyu xalqımıza qarşı törədilmiş erməni terrorlarından, qətliamlardan bəhs etmişdir. O, bildirmişdir ki, 30 il öncə fevralın 25-dən 26-na keçən gecə mənfur ermənilər tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilmiş, azərbaycanlılara qarşı soyqırım törədilmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci ildən başlayaraq “Xocalıya ədalət” kampaniyası, çərçivəsində işlər görülür.
Sonra Xocalı soyqırımı haqqında həqiqətin dünyaya tanıdılması ilə bağlı şagirdlərin əl işlərinə baxış keçirilmiş və qaliblər müəyyən edilmişdir. l yerə Balakəngərli kənd ümumi orta məktəbin şagirdi Quluyev Azad Naib oğlu, ll yerə şəhər 6 saylı tam orta məktəbin şagirdi Balakişiyeva Röya Maarif qızı, lll yerə isə Seydimli kənd tam orta məktəbin şagirdi Məmmədli Ramal Habil oğlu layiq görülərək Tərtər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişlər.