İcra başçısı vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl edərək əvvəlcə şəhid ailələri, qaziləri sonra isə digər vətəndaşları qəbul edib. İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində vətəndaşların bəzi problemləri yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq götürmək, həyətyanı torpaq sahəsi, işlə təmin olunma ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
İşlə bağlı müraciət edən vətəndaşlara qəbulda iştirak edən Dövlət Məşğulluq Agentliyinin 18 saylı Ərazi Məşğulluq Filialının nümayəndəsi tərəfindən vakant iş yerləri barədə məlumat verilib.
Qəbulda vətəndaşlar göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.