Növbəti səyyar qəbul-görüş Düyərli kəndində keçirildi
İyulun on dördündə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Düyərli kəndində səyyar görüş – qəbulu olmuşdur. Qəbulda Azərbaycan Respublikası Prezident Administirasiyasının məsul işçisi Rüfət Əliyev, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, xidmət idarə və müəssisələrinin rəhbərləri KİV nümayəndələri iştirak etmişlər. Qəbulda Düyərli kənd İƏD üzrə nümayəndə Ramiz Zeynalov çıxış edərək rayon icra hakimiyyəti başçısını və qonaqları salamlamış, kəndin sosial-iqtisadi inkişafı və mövcud problemlər haqqında məlumat vermişdir. Sonra kənd sakinləri Cəfərova Əzizə işıq dirəklərinin qəzalı vəziyyətdə olaması, Muradova Səkinə oğluna ünvanlı sosial yardım verilməsinə köməklik edilməsi, Əliyev Tahir köhnə sokzavodun yenidən istifadəyə verilməsi, Əliyev Köçəri və Zeynalov Famil suvarma suyuna olan ehtiyacın ödənilməsi, Ağayev Aydın işlə təmin olunmasına köməklik, Əliyeva Minəvvər yanmış evinin təmirinə köməklik, Düyərli kəndində məskunlaşmış Kəlbəcər rayonuundan məcburi köçkün Əzimov Sabir işıq probleminin həll edilməsi üçün 1000 metir elektirik naqilinə ehtiyacın olması, Sarıcalı kənd sakinləri İbrahimova Ofeliya kəndin qazlaşdırılması, Süleymanov İsmayıl içməli suyun limitinin artırılması, kəndin telefonlaşdırılması, Bayandur kənd sakinləri Əsədova Gilas yeni məktəb binasının tikilməsi, Hüseynova Qənirə yeni subartezian quyusunun vurulması və digər məsələlərlə bağlı təklifər irəli sürdülər.
Səyyar görüşdə sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərə aydınlıq gətirdi. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.