“Xocalı faciəsi”nin 30-cu ildönümü ilə əlaqədar idman tədbiri keçirilib
Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 21 fevral 2022-ci il tarixdə şəhər 6 saylı tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri (oğlanlar) arasında “Xocalı faciəsi”nin 30-cu ildönümünə həsr olunmuş atletikanın 100 m məsafəyə qaçış növü üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışdan öncə Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunmuş, Dövlət himni səsləndirilmişdir.
Əvvəlcə Xocalı faciəsi haqqında tədbir iştirakçılarına məlumat verilmiş, bildirilmişdir ki, fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalı soyqırımını həyata keçirmişlər, insanlığa sığmayan qətliam törətmişlər. 613 nəfər həlak olmuş, 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq bir, 25 uşaq hər iki valideynini itirmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.
Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımız işğaldan azad olunub, xocalıların qisası mənfur düşmənlərdən alınıb.
Bu gün şəhidlərimizin narahat ruhları da rahatlıq tapıblar. Bizə Qələbə bəxş edən şəhid oğullarımızın ruhu qarşısında baş əyir, onlara Ulu Tanrıdan rəhmət diləyir, qazilərimizə can sağlığı diləyirik.
Birinciliyə, ümumilikdə, 36 məktəbin şagirdi qatılmışdır.
I yerə Seydimli kənd tam orta məktəbin şagirdi Şahbazlı Məhəmməd Elçin oğlu,II yerə Hacıqərvənd kənd tam orta məktəbin şagirdi Mehdiyev Fərid Vüsal oğlu, III yerə Borsunlu kənd tam orta məktəbin şagirdi Şərifli Tofiq Əli oğlu çıxmışlar.
Qaliblər Tərtər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişlər.