Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin doğum günü məzarı önündə qeyd olundu

17 yanvar 2022 | 16:00

Tərtərdə  “Azərbaycan Bayrağı” ordenli şəhid Mehrac Mahmudovun doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, qəhrəmanın doğulduğu Tərtər rayon Səhləbad kənd şəhidlər abidəsinin önünə tər gül dəstələri qoymuşlar.

Tədbir iştirakçılarına öncə onun həyat və döyüş yolu haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Xaborovski şəhərində hərbi xidmətdə olub. Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə «Usta» normasını yerinə yetirib.

Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri başlayan vaxt isə Tərtər İctimai İaşə Birliyində işləyən M.Mehrac erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər özünümüdafiə batalyon”una gəlmiş, 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər özünümüdafiə batalyonu Seysulan və Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt batalyona rəsmi qəbul edilmədiyi halda hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərmişdir. Sonradan 2 aprel 1993-cü il tarixdə o, çavuş rütbəsi ilə Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edildi. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirdi. M.Mahmudov Ağdərə bölgəsində Levonarx, Akop-Kamari, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda gedən döyüşlərdə düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv etmişdir. 1993-cü il sentyabr ayında n saylı hərbi hissəyə dəyişdirilib və Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərmişdir.

23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

24 may 2016-cı ildə Tərtər şəhərindəki küçələrdən birinə Mehrac Mahmudovun adı verilmişdir.

Tədbirin sonunda qəhrəmanın oğlu Ziya Mahmudov şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

 

Keçidlər