Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon İcra Hakimiyyətinin başçısının tərtərlilərə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə təbriki

31 dekabr 2021 | 16:00

Əziz tərtərlilər!

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Zəfər ili kimi tarixə yazılan  2020-ci ildən sonra 2021-ci il rayonumuz üçün tikinti quruculuq, abadlıq ili kimi yaddaşlara yazıldı.

Respublika Prezidentinin oktyabrın 3-də Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərinə səfəri rayon sakinlərinin yaddaşına həkk olundu.

Möhtərəm prezidentimiz cənab İlham Əliyev Tərtərin Suqovuşan və Talış kəndlərinə çəkilən avtomobil yollarının açılışını etdi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu.

“Suqovuşan 1”, “Suqovuşan 2” kiçik su elektrik stansiyalarının açılışı 2021-ci ilin ən uğurlu, unudulmaz hadisələrindən oldu.

Cənab prezident düşmən tərəfindən atılan “Smerç” raketinin dağıtdığı Sahib İsmayılovun evində də oldu. Ölkə rəhbəri bununla da Tərtərə və tərtərlilərə göstərdiyi diqqət və qayğını bir daha nümayiş etdirdi.

44 günlük Vətən müharibəsində erməni hərbi birləşmələrinin  Tərtər şəhəri və onun ətraf  yaşayış məntəqələrini atəşə tutması nəticəsində rayonun infrastrukturuna, kənd təsərüfatına   güclü ziyan dəymiş, dağıntılar olmuşdur.

İşçi qrupu tərəfindən rayonumuzda 7050 baxış keçirilmişdir. Təsdiq olunmuşdur ki, 62 yaşayış evi və mənzil, 2 sosial obyekt tamamilə dağılmış, 8 nəqliyyat vasitəsi yararsız hala düşmüşdür. 5344 fərdi yaşayış evi və mənzilin, 301 qeyri-yaşayış sahəsinin, 178 sahibkarlıq obyektinin, 45 sosial obyekt və 30 inzibati binanın, 95 nəqliyyat vasitəsinin təmir-bərpaya ehtiyacı var.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə müharibədən dərhal sonra rayonumuzda təmir-tikinti  bərpa işlərinə başlanılmış, Tərtər rayonu sözün həqiqi mənasında  əsil tikinti meydançasına çevrilmişdir.

Bir tərəfdən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müharibədən zərər çəkmiş obyektlərin, çoxmənzilli  binaların tikinti, təmir-bərpasına cəlb olunmuş şirkətlər dəymiş ziyanı aradan qaldırır, bir tərəfdən isə şəhərin küçələri təmir olunaraq asfaltlanır.

İndiyə qədər şirkətlər tərəfindən təmir-bərpa işləri aparılacaq 5941 fərdi ev, sosial obyekt  və çoxmənzilli binalardan 5896-nda işə başlanıb və 5753-ndə artıq işlər tamamlanıb. 50 fərdi, 4 qeyri yaşayış sahəsi yenidən tikilib.Hazırda  təmir-tikinti  bərpa işləri davam etdirilir.

2021-ci ildə Tərtər şəhərinin Əli İsmayılov, Mübariz Kərimov, Qara Qarayev, Cəlil Məmmədquluzadə, Mübariz İbrahimov, Vasif Hüsyenov,  Firudin bəy Köçərli, Nizami Gəncəvi küçəsinin 5 nömrəli döngəsi asfaltlanmışdır.

Heydər Əliyev prospektində, Teymur Rəhimov, Nizami Gəncəvi, Mübariz Rəhimov və Əli İsmayılov küçələrində isə divarların aqlay  və bəzək daşları  ilə üzlənməsi işlərinə başlanılmış, ardıcıl olaraq İmaməddin Nəsimi, Molla Pənah Vaqif və Vasif Hüseynov küçələrində divarların aqlay və bəzək daşları ilə üzlənməsi işləri aparılacaq.

Bundan əlavə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən isə rayonumuzun müharibədən ziyan çəkmiş prospekt və küçələrinə 230 min kvadratmetr asfalt salınmışdır.

Beləliklə, 2021-ci ildə Tərtər daha gözəl və abad şəhərə çevrilib.

İnanıram ki, qarşıdan gələn 2022 il də ölkəmiz üçün uğurlu olacaq. Müstəqil Azərbaycanımızın işğaldan azad edilmiş torpaqları, erməni vandalizminə məruz qalmış şəhər və kəndləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə bərpa ediləcək. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi, bərpa illərində də birlik nümayiş etdirəcək.

Suqovuşan su anbarının düşməndən azad edilməsi ilə Tərtər çayına suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o, deməkdir ki, ermənilərin terroru səbəbindən 30 il susuz qalan torpaqlara yeni həyat verilib.  Kənd təsərrüfatı torpaqlarının su təminatı ölkə əhalisinin daxili istehsal hesabına ərzaq məhsulları ilə etibarlı təminatına, çayların su ehtiyatlarının nizamlanması hesabına torpaqlardan daha səmərəli istifadə edilməsinə imkanlar yaradacaq, kənd təsərrüfatının inkişafı təmin ediləcək, subartezian quyularına tələbatın azalması elektrik sərfiyyatına qənaət edəcək.

Kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın inkişafında tərtərlilərin qabaqcıl iş təcrübəsi var. Bu il rayonumuzun pambıqçıları əkdikləri 3440 hektar sahədən 10700 ton “ağ qızıl” götürüblər. Hazırda pambıq yığımı davam edir.

Rayonumuzun kümçüləri də ipəkçiliyin inkişafında fəallıq göstəriblər. Onlar 2021-ci ildə dövlətə 13,6 ton barama təhvil veriblər.

Biz tərtərlilər yenə də  kənd təsərrüfatının inkişafına öz layiqli töhfələrimizi verəcəyik. Yeni ildə birlikdə yeni uğurlara imza atacağıq.

Əziz tərtərlilər, bir daha Sizi dünya Azərbaycanlıların Həmrəylk günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə təbrik edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlıqı arzulayıram.

Bayramınız mübarək!

Keçidlər