Tərtərdə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına 105 medal və 3 orden təqdim olundu
Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri Müstəqim Məmmədov tədbirdə çıxış edərək öncə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, ölkə rəhbəri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə hesabına qarşıdan gələn 2022-ci ili qalib dövlətin vətəndaşları kimi qarşılayırıq. Sonra şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Rayon rəhbəri Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçuları təbrik edərək şəhidlərimizə rəhmət dilədi, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzuladı. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışan icra başçısı ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirib.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 12 nəfər tərtərli şəhidin orden və medalları ailə üzvlərinə, 93 nəfər müharibə iştirakçısının medalları isə özlərinə təqdim olunub.
Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərovun medalı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri Vidadi Məmmədzadəyə Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərərgah rəisi, general-leytenant Kərim Vəliyev tərəfindən “Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğıya və diqqətə görə” təltif edildiyi Fəxri fərmanı özlərinə təqdim edilib.