Tərtərdə Vətən müharibəsi şəhidinin ad günü məzarı önündə qeyd olundu
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Hacallı kəndindən olan Sabirli Əjdər Xanlar oğlununun ad günü qəbiristanlıqda məzarı önündə qeyd olunub.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, Veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, kiçik çavuş Sabirli Əjdər Xanlar oğlu 22 dekabr 1996-cı ildə Tərtər rayonunun Hacallı kəndində anadan olub. 11 oktyabr 2020-ci il tarixdə Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Sabirli Əjdər Xanlar oğlu 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.