Fransanın Azərbaycandakı səfiri Zakari Gros Tərtər rayonuna səfər edib
Dekabrın 13-də Fransanın Azərbaycandakı səfiri Zakari Gros, Milli Məclisin deputatları Kamal Cəfərov və Soltan Məmmədov işğaldan azad olunmuş Suqovuşan kəndində aparılan yenidənqurma işləri ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara Suqovuşan kəndində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Qarabağımızın digər işğaldan azad edilmiş guşələri kimi Suqovuşana da həyat yenidən qayıdır. Kənd işğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verilib. İlk olaraq ərazinin mina və partlamamış sürsatlardan təmizlənməsinə başlanılıb. Qısa vaxtda uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Suqovuşana 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib, qəsəbənin daxili şəbəkəsində 0,4 kV hava xətləri bərpa edilib. Qəsəbə elektrik enerjisi ilə təmin olunub. Gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” stansiyalarında təmir-bərpa işləri aparılıb. Tərtər və ətraf rayonların suvarma suyu ilə təmin olunmasında mühüm əhəmiyyətə malik Suqovuşan su anbarında təmir işləri həyata keçirilib.
Diqqətə çatdırıb ki, 1976-cı ildə istismara verilən və ümumi həcmi 5,86 milyon kubmetr olan Suqovuşan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulub. 28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bundan başqa suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. Suqovuşanın işğaldan azad olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb. Artıq Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.
Sonra nümayəndələr Tərtər rayonunun Talış kəndində ermənilər tərəfindən viran qoyulmuş rus-pravoslav və alban-udi kilsəsində olublar.
Suqovuşan və Talış kəndlərini ziyarət edən qonaqlar daha sonra Tərtər şəhərinə gəliblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib.
Bildirib ki, müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minaatan mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.
Qonaqlar sonra Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən, ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə tanış olublar. Bildirilib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən olan “Marağa–150” abidəsi İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Çünki o, ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin əyani sübutu idi. Qonaqlar ermənilərin Qarabağa köçürülmələrini təsdiqləyən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolardan ibarət stendlərə baxıblar.
Sonda rayon rəhbəri Fransanın Azərbaycandakı səfiri Zakari Grosa Qarabağ atlarının şəkili olan tablo hədiyyə edib.