Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb
01 dekabr 2021-ci il tarixdə Tərtər rayonunda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi ilə əlaqədar keçirilmiş müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, nazirliyin və Tərtər rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
İcra başçısı çıxış edərək rayonda kənd təsərrüfatı ilə məşğul olan mülkiyyətçilərin payızlıq əkinlərinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində vaxtında bəyan edilməsi ilə bağlı görülən işlərə toxundu və bu sahədə mülkiyyətçilər arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsini bildirdi.
Sonra Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirdi ki, Azərbaycan Respublikasının əkin dövriyyəsində payızlıq əkinlər xüsusi çəkiyə malikdir. Bu il ölkədə taxıl səpininin optimal müddətdə yekunlaşacağı proqnozlaşdırılır. Səpin prosesini başa çatdıran fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz əkinlərini bəyan edərək subsidiya almaq proseduruna start vermiş olurlar. Reqlamentə əsasən, fermerlərin öz əkinlərini bəyan etməsi üçün müddət dekabrın sonlarında başa çatır. Əkinlərini son müddət başa çatmadan bəyan edən fermerlər artıq ilin ilk aylarında əkin subsidiyası almaq imkanı qazanırlar.İlin əvvəlində subsidiya alan fermer öz kartındakı vəsaitdən daha səmərəli istifadə etmək imkanı qazanır. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyi fermerləri öz əkinlərini son tarixi gözləmədən bəyan etməyə, bununla da dövlət dəstəyindən daha tez yararlanmağa çağırır.
Müşavirədə Aqrar Subsidiya Şurasının 2022-ci il üzrə bitkiçilik sahəsində əkin, məhsul və toxum əmsallarına dair qərarının müəddəaları, aqrokimyəvi analizin verilməsi zərurəti, səyyar gübrə satışı, müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verəcəyi üstünlüklər, subsidiyaların verilməsi prosesində gələn ildən tətbiq olunacaq yeniliklər barədə iştirakçılara geniş məlumat verilib.
Görüşdə 5 hektardan çox sahəsi olan fermerlərin əkin subsidiyası almaq üçün öz torpaqlarından aqrokimyəvi analiz verməsinin zəruriliyi, taxılçılıqda aqrar sığortanın tətbiqinin məhsul istehsalçıları üçün üstünlükləri, EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirmək qaydaları, ucqar ərazilərdə yerləşən kəndlərdə bəyan prosesinə köməklik göstərmək məqsədilə səyyar xidmətlərin təşkili və digər mövzularda müzakirələr aparılıb, fermerlərin təklifləri qeydə alınıb.