Tələbə gənclər əsgərlərlə görüşə gəlmişdir
İyunun 24-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Tərtər rayon İcra Hakimiyyəti ilə birlikdə 26-İyun Silahlı Qüvvələr günü münasibəti ilə rayonunun cəbhə xəttində yerləşən N saylı hərbi hissəsində əsgərlərlə görüş keçirmişdir.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini Elvin Umudov, Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Tünarə Məmmədzadə düşmənlə ön cəbhədə üz-üzə dayanan zabit və əsgər heyətini qarşıdan gələn Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə təbrik etmişlər. Onlar düşmənlə üz-üzə olan postda əsgərlərin vəziyyəti, yataq, yemək, döyüş şəraiti ilə tanış olmuş, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə etmişlər. Qonaqlar əsgərləri bayram münasibətilə bir daha təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamış, onlarla qürur duyduqlarını bildirmişlər.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və rayon Mədəniyyət evinin nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı olmuşdur.