Rayon İcra Hakimiyyətinin başçısı BMT-nin İnkişaf Proqramının gender məsələləri üzrə müşaviri xanım Reyçel Uerhemini qəbul edib
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “Daha fəal iqtisadi və sosial iştirak yolunda maneələri aşmaq üçün Azərbaycanda həssas və münaqişənin təsirlərinə məruz qalmış qadınların səlahiyyətlərinin genişləndirilməsi və onlara bərabər imkanların yaradılması” adlı layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının gender məsələləri üzrə müşaviri xanım Reyçel Uerhemin Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
Qonaqları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. Icra başçısı bildirib ki, həyata keçirilən layihələr, vaxtilə təmas xəttinə, indi işğaldan azad olunmuş ərazilərə yaxın bölgələrdə keçirilən tədbirlər çox vacibdir. Layihələrin davamlı olması üçün biz də öz üzərimizə düşən vəzifələri yerinə yetiririk.
BMT-nin İnkişaf Proqramının gender məsələləri üzrə müşaviri xanım Reyçel Uerhemin Komitə və İcra hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində görülən hər bir işə bağlılığını ifadə edib. O, bu illər ərzində qadınların sosial-iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə mümkün qədər daha çox qadının cəlb olunması üçün bütün səylərini gücləndirdiyini vurğulayıb. Qadınların rastlaşdığı problemlərinnin pandemiya və münaqişənin alovlandığı böhran dövrlərində özünü daha qabarıq büruzə verdiyini qeyd edən BMT rəsmisi bildirib ki, bütün çətinliklərə baxmayaraq, qadınların üzləşdiyi problemlərin qarşısının alınmasına birlikdə müvəffəq olacağıq.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının lahiyə rəhbəri Sevil Qasımova qeyd edib ki, layihə çərçivəsində 01-15 dekabr 2021-ci il tarixlərində Füzuli, Tərtər və Ağcabədi rayonlarında yaradılmış İcma Resurs mərkəzlərinin bilik və bacarıqlarını artırmaq məqsədi ilə İcma Resurs Mərkəzləri və Qadın Resurs Mərkəzləri arasında təcrübə mübadiləsi görüşlərinin keçirilməsi də nəzərdə tutulur.